Sentyabrın 14-də X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyət Forumu çərçivəsində MDB iştirakçısı olan dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının növbəti iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxış edib. O, MDB ölkələrində mədəni inteqrasiyadan, Azərbaycanın bu prosesdə iştirakından söz açıb.
Azərbaycanın Laçın şəhərinin 2025-ci il üçün “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi qərarını yüksək qiymətləndirən Oleq Əmirbəyov gələn il ölkəmizdə keçiriləcək III MDB Oyunlarını da bu prosesdə əhəmiyyətli hadisə olacağını deyib: “İdman yarışları ilə yanaşı, biz idman və incəsənətin bir-birinə necə ahəngdar şəkildə qarışdığını, millətlərarası dialoqun yeni aspektlərini yarada biləcəyini nümayiş etdirəcək geniş mədəni proqram hazırlayırıq”.
Nazirin müşaviri MDB-yə üzv ölkələrdə keçirilən qarşılıqlı mədəniyyət günlərinin də mədəni inteqrasiyaya əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb. O, eyni zamanda Bakıda keçirilən, qonşu ölkələrdən də bu sektorun nümayəndələrini bir araya gətirən yaradıcı sənayelər festivalı – “Yaradıcılıq Həftəsi” haqqında məlumat verib. Qeyd olunub ki, bu tədbir mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fikir və təcrübə mübadiləsi platformasına çevrilib.
Qeyd olunub ki, mədəni əməkdaşlığın üfüqlərini genişləndirməyə xidmət edən beynəlxalq incəsənət layihələrinin davamlı keçirilməsi vacib əhəmiyyət daşıyır.