Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq Mir Cəlalın İçərişəhərdəki ev-muzeyi – “Ədibin Evi” və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) ortaq layihəsi olan nəşr işıq üzü görüb.
TMİF-in Bakıdakı mənzil-qərargahında “Mir Cəlal. Nizami Gəncəvi dünyası” kitabının təqdimatı keçirilib. Mir Cəlalın Nizami Gəncəvinin əsərləri haqqında məqalələrinin toplandığı kitab “Türk dünyasının görkəmli şəxsiyyətləri” seriya nəşrlərinin bir hissəsidir. Bu seriyadan ilk nəşr dahi şair Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan “Heydər Əliyev və Məhəmməd Füzuli” kitabıdır.
Təqdimat mərasimində çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Nizami Türk dünyası ədəbiyyatının sütun imzalarındandır. Onun irsi yarandığı gündən tərənnüm etdiyi bəşəri dəyərlərlə Türk dünyasında nümunə, ilham mənbəyinə çevrilib. Nizaminin əsərlərində yunan, hind və dünyanın digər xalqlarının tarixinə və fəlsəfəsinə yer verildiyi qədər qədim oğuz-qıpçaq ənənələri ilə bağlı atalar sözləri və məsəllərdə istifadə edilib. Belə bir vəhdətlə Nizami bizə XII əsrdən bu günə müasir azərbaycanlının və azərbaycançılığın simasını cızır.
TMİF-in prezidenti Aktotı Raimkulova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradılan qurumun bu günə qədər türk mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində bir sıra layihələrə imza atdığını deyib.
Bildirib ki, TMİF, “Türk dünyasının görkəmli şəxsiyyətləri” seriyası ilə yanaşı, “Türk dünyasının ədəbi inciləri” və “Türk dünyasının elmi inciləri” adlı kitab seriyası da nəşr edir.
“İnanırıq ki, bu nəşr kitabsevərlər tərəfindən rəğbətlə qarşılanacaq və Azərbaycan oxucularında həm dahi Nizami Gəncəvinin bədii irsinin dərindən öyrənilməsi, həm də görkəmli alim, professor, elm xadimi, yazıçı Mir Cəlalın elmi-bədii yaradıcılığına olan böyük marağı daha da artıracaq”, – deyə Aktotı Raimkulova əlavə edib.
Bakı Dövlət Universitetinin filologiya üzrə professoru Təhsin Mütəllimov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov və digər çıxış edənlər Nizami Gəncəvinin mənəvi dünyasının Azərbaycan ədəbiyyatında yaratdığı izlərin Mir Cəlal yaradıcılığında dərindən araşdırıldığını və gələcək nəsillər üçün ədədi miras kimi qalacağını qeyd ediblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında belə layihələrin Türk dünyasının ədəbiyyatına, mədəniyyətinə böyük töhfə verdiyini vurğulayıb.
Mir Cəlalın oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayev Türk dünyası ədəbi şəxsiyyətlərinin yaradıcılığının tanıdılmasının əhəmiyyətini vurğulayıb və Türk Mədəniyyəti və İrsi Fonduna fəaliyyətində uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist Ramil Qasımov Nizaminin qəzəllərinə bəstələnmiş ariyaları ifa edib.
Mərasimin sonunda Lənkəranın “Yaşıl çay” fermer təsərrüfatında yetişdirilən çay sortlarından yeni “Turan” kolleksiyasının ilk nümunəsi TMİF-in prezidenti Aktotı Raimkulovaya təqdim olunub.