Bu gün dünyada ən sanballı vokal müsabiqələrindən biri “Operaliya” (“Operalia”) sənət yarışmasıdır. 1993-cü ildə təməli qoyulmuş müsabiqənin yaradıcısı və əsas bədii rəhbəri məşhur ispan tenoru Plasido Dominqodur.
Builki “Operaliya”da Azərbaycanı Bülbül adına Vokalçıların VIII Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatçısı, Nyu-York “Metropoliten” Operasının gənc artistlər proqramının (“Lindemann Young Artist Development Program”) iştirakçısı Elmina Həsən təmsil edir.
“Operaliya” yarışmasının qaydalarına görə, ev sahibliyi Parisdə olan müsabiqə hər il dünyanın bir ölkəsində keçirilir.
Sentyabrın 15-dən 21-dək Hindistanın Mumbay şəhərində təşkil olunan müsabiqə yarımfinal mərhələsindədir.
Müsabiqədə Azərbaycan kökənli daha bir iştirakçı da var. Əslən Qusar rayonundan olan Elmira Qaraxanova Rusiyanı təmsil edir.
Plasido Dominqo münsiflər heyətinin səs vermək hüququ olmayan üzvü olsa da, “Operaliya” iştirakçılarının dünya miqyasında tanınması üçün əlindən gələni əsirgəmir.
Maraqlıdır ki, “Operaliya”da iki müsabiqə proqramı var: opera proqramı və ispan milli musiqi sənəti üzrə sarsuela proqramı. Saray operasının bir növü kimi yaranmış sarsuela janr xüsusiyyətlərinə görə operettaya yaxın olub, solo və ya xor vokal nömrələrini danışıq dialoqu və rəqs ilə qovuşduran musiqili-dramatik janrdır. Elmina Həsən və Elmira Qaraxanova həm də bu proqram üzrə yarımfinala çıxıblar.
“Operaliya”da Qran-pri mükafatı nəzərdə tutulmasa da, qadın və kişi səsləri üçün iki ayrı mükafat təyin edilib.
İki I mükafat 30 min, iki II mükafat 20 min, iki III mükafat isə 10 min dollar məbləğindədir. Bundan əlavə, 10-15 min dollar məbləğində xüsusi mükafatlar da var.
Qeyd edək ki, indiyədək Azərbaycandan Dinara Əliyeva 2010-cu ildə Milanda keçirilmiş “Operaliya” müsabiqəsində III mükafata layiq görülüb.
Gülcahan Mirməmməd