Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.

Dövlətimizin başçısı səfirlə söhbət edib.

Ölkələrimiz arasında müxtəlif səviyyələrdə münasibətlərin məmnunluq hissi doğurduğunu deyən İlham Əliyev siyasi, iqtisadi, enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Azərbaycanın gözəl ölkə olduğunu və buraya gəlməkdən sevinc hissi duyduğunu ifadə edən səfir, ilk növbədə, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısına çatdırıb. 2022-ci ildə Azərbaycan Prezidentinin Əlcəzairə səfərinin əlaqələrimizin tarixində yeni səhifə olduğunu deyən diplomat fəaliyyəti dövründə əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Əlcəzair Prezidentinin salamlarına görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Azərbaycan və Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd edib, Azərbaycanın QH-yə sədrliyi müddətində Əlcəzairin ölkəmizə göstərdiyi dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirib.

Prezident ölkələrin suverenliyi, ərazi bütövlüyü, çoxtərəflilik və neokolonializmlə mübarizə məsələlərinin vacibliyinə toxunub.

Əlcəzairə səfəri zamanı Milli Mücahidlər Muzeyini ziyarət etdiyini xatırladan İlham Əliyev  qeyd edib ki, Əlcəzair xalqına qarşı törədilmiş cinayətlər və vəhşiliklərlə bağlı orada gördükləri onda xüsusi heyrət doğurub.

Prezident vurğulayıb ki, ölkəmiz QH-yə sədrliyi dövründə olduğu kimi, hazırda da keçmiş imperiyaların müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqların azadlığı və suverenliyi işinə dəstək verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Dövlətimizin başçısı Azərbaycanın və Əlcəzairin Avropa qitəsinə mühüm qaz ixracatçısı olduqlarını qeyd edərək OPEC+ çərçivəsində yaxından əməkdaşlığın aparılmasından məmnunluğunu ifadə edib.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdıran səfir Azərbaycanın bu mühüm tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib.