Norveç Televiziya və Radiosu Simfonik orkestrinin zalında Azərbaycan musiqisinə həsr olunmuş kamera konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, konsert soydaşımız, skripka ifaçısı Narın Musayeva Folgerö və onun musiqiçi həmkarlarının təşkilatçılığı ilə baş tutub.

Sumqayıt şəhərində doğulan, hazırda Norveçdə yaşayan həmyerlimiz bir sıra müsabiqə və festivallarda iştirak edib, mükafatlara layiq görülüb. 10 ildən çoxdur ki, Norveç Televiziya və Radiosunun Simfonik orkestrində skripka ifaçısıdır.

N.Musayeva Folgerö və həmkarlarının konsertində Ü.Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı”, Q.Qarayevin simli kvarteti, skripka və fortepiano üçün sonatası, “İldırımlı yollarla” baletindən miniatürləri, “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, F.Əmirovun “Muğam-poema”, “Məhəbbət rəqsi”, həmçinin “Bayatı-Şiraz” muğamının solo skripka üçün işləməsi səsləndirilib. Muğamı solo skripka üçün Mirhəşim Həşimov və Azad Əliyev işləyib.

Yerli sakinlərlə yanaşı qonşu ölkələrdən də dinləyicilərin olduğu konsert böyük maraqla qarşılanıb.