Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin tələbələri arasında elan olunmuş “Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin nəticələrinə həsr edilən tədbir keçirilib. Tədbirə, eyni zamanda, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə və müsabiqədə ilk onluğa düşən digər iştirakçılar videoformatda qoşulublar.
Bu barədə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzindən məlumat verilib.
Tədbiri açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva qiraət müsabiqəsinin keçirilməsində başlıca məqsədin Azərbaycan – özbək xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin Azərbaycan dili və ədəbiyyatının beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi işinə töhfə vermək olduğunu bildirib.
Özbəkistan və Azərbaycanın elm, təhsil, mədəniyyət və digər sahələrdəki əlaqələrindən bəhs edən Kərimulla Məmmədzadə müsabiqənin əhəmiyyətini qeyd etməklə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin, birgə elmi tədqiqatlar aparılmasının, layihələrin və təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova müsabiqənin Türk dünyasında mədəni əlaqələrin inkişafına, həmçinin Azərbaycan – Özbəkistan birliyinə töhfə olduğunu qeyd edib.
Müsabiqədə ilk üç yerin qalibləri ‒ Lazizbek Nomozov, Rano Boriboyeva və Feruza Sultanovaya fəxri fərman və hədiyyələr təqdim edilib, onluğa düşən digər iştirakçılar da təşəkkürnamələrlə təltif olunub.
Tədbirdə müsabiqə qaliblərinin Azərbaycan şairlərinin şeirlərini səsləndirmələri böyük maraqla qarşılanıb.