Bakıda Rus Evində 18 sentyabr – Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil edilib.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, tədbir Azərbaycan Rus Gəncləri Assosiasiyası, “Gənclərin töhfəsi” İctimai Birliyi, “Peşə təhsilinin inkişafına və məşğulluğa dəstək” ictimai təşkilatının təşkilatçılığı və Bakıdakı Rus evinin dəstəyi ilə baş tutub.

Bakıdakı Rus evi rəhbərinin müavini Dmitri Yeqorov, Azərbaycan Rus Gəncləri Assosiasiyasının sədri Sergey Danilov, “Peşə təhsilinin inkişafına və məşğulluğa dəstək” ictimai təşkilatının rəhbəri Şahin Əliyev, “Gənclərin Töhfəsi” İctimai Birliyi İdarə Heyətinin üzvü Fəxrəddin Abdullayev və rəssam Elnarə Xəlilova giriş nitqləri söyləyiblər.

Sonra rəngarəng konsert proqramı təqdim edilib. Səhnədə şairlər Türkan Bayramzadə, Günatay Hüseynova, Samirə Şıxıyeva, Bayram Məhərrəmov, Olqa Şalayeva, Mariya Petrienko, Zivərxanım Məmmədova çıxış ediblər. Müğənnilərdən “El” yaradıcılıq mərkəzinin üzvləri Piri Əliyev, Şahbaz Əli, Rəvan Hüseynov, tarzənlər Emil Tahirov və Fuad Tağıyevin ifaları dinlənilib. “SanSara” Beynəlxalq Akrobatika, Gimnastika və Rəqs Akademiyasının rəqqasları Qara Qarayevin “Yeddi gözəl” baletindən rəqs nömrəsini, Yanbulat Daşdəmirov, Yasmin Dayanova, Fatimə Kərimli, Cavad Xəlilov, Əli Cəfərov, Şəms İsmayılova isə Tofiq Quliyevin “Vals” musiqisi əsasında rəqs ifa ediblər.

Proqramda musiqiçilər və müəllimlər - Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbinin məzunu Nəzrin İmanova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) konsertmeyster-müəllim Svetlana Əhmədova, pianoçular Murad Muradov, Əli Kərimli, konsertmeyster Nigar Hüseynzadə, BMA-nın məzunu Ofeliya Dadaşova da iştirak ediblər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Elmira Pənahova Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında mühazirə oxuyub.

Gecənin aparıcısı Bakıdakı Rus evinin ədəbi layihələr rəhbəri, müəllim, şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənova olub.