Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan Milli Musiqi Günü qeyd olunub.

"Alyans Gənclər Mərkəzi"nin təşkil etdiyi tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı, konservatoriyanın rektoru, müəllim və tələbələri, eləcə də Alyansın tələbələri iştirak ediblər.

Rektor Georgi Vaçinkadze çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrdən danışıb, bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib. Rektor Heydər Əliyev Fondu tərəfindən 6 dahi Azərbaycan bəstəkarının milli musiqi notlarından ibarət kitabların “Alyans Gənclər Mərkəzi”nin təşəbbüsü ilə Konservatoriyaya təqdim olunmasına görə təşəkkür edib.

Səfirliyin məsul əməkdaşı Ramiz Hacızadə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Şuşa şəhəri 2024-cü ildə İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. Belə bir ərəfədə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada anadan olan bəstəkarımız Üzeyir Hacıbəylinin doğum gününün və Milli Musiqi Günümüzün Tbilisidə qeyd olunması olduqca təqdirəlayiqdir. Bu, eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin, xüsusən də mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bir daha sübut edir.

Sonra azərbaycanlı tələbə Mahirə Durmuşova "Çırpınırdı Qara dəniz" və "Ay Laçın", Ramin Pirməmmədov isə tarda "Ayrılıq" və "Bakı gecələri " mahnılarını ifa ediblər.

Daha sonra "Alyans Gənclər Mərkəzi"nin sədri Leyla Əmrahova və başqaları çıxış edərək Ü.Hacıbəylinin həyat və yaradıcılığı, Gürcüstanın mədəniyyət və incəsənət xadimlərinin onun haqqında fikirləri, eləcə də Tbilisidə doğulmuş azərbaycanlı musiqiçilər barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən göndərilmiş kitablar bu gün Konservatoriyanın kitabxanasına təqdim edilib.