Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ənənəsinə uyğun olaraq, hər il 18 sentyabr – Milli Musiqi Günündə yeni konsert mövsümünün açılışını edir.

Kollektiv teatrın binası qarşısında, açıq havada təşkil edilən konsert proqramı ilə paytaxt sakinlərinə əsl bayram əhvalı bəxş etmiş oldu.

İlk olaraq konserti izləyənlərə Milli Musiqi Günü haqqında məlumat verildi. Qeyd olundu ki, 18 sentyabr Azərbaycanın dahi bəstəkarı, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin (1885–1948) dünyaya göz açdığı gündür. Mədəniyyətimizin böyük himayədarı, Ümummilli lider Heydər Əliyevin Üzeyir bəyin anadan olmasının 110 illiyi münasibətilə 1995-ci ildə imzaladığı fərmana əsasən, 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.

Konsert proqramında teatrın instrumental ansamblı (bədii rəhbər: Mirxalid Salayev) ilk olaraq Üzeyir Hacıbəylinin əsərlərindən ibarət popuri təqdim etdi.

Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Aygün İsgəndərli, Fəxri Kazım Nicat, Rövşən Qəhrəmanov rəngarəng proqramla musiqisevərlərin könlünü oxşadılar. Konsert proqramı paytaxt sakinləri və şəhərimizin qonağı olan turistlər tərəfindən böyük maraqla qarşılandı.

Unudulmaz müğənni Rəşid Behbudovun heykəli qarşısında pərvazlanan Üzeyir bəyin musiqisi, xalq mahnılarımız həm də dahi bəstəkarın əziz xatirəsinə sonsuz sevginin və minnətdarlıq duyğusunun tərənnümü idi.

Lalə Azəri