İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2024-cü ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə prosesini yekunlaşdırıb.
Dövlət Proqramının tədbirlər planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 28 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
Hesabat dövründə ümumilikdə 767 ailə olmaqla 2904 nəfər Şuşa, Füzuli və Laçın şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndlərinə köçürülüb. Azad edilmiş ərazilər üzrə ümumilikdə 612 nəfər işlə təmin edilib.
İşğaldan azad edilmiş ərazilərdə 72,2 km elektrik verilişi xətləri çəkilib. Ərazilərdə telekommunikasiya və poçt xidmətləri infrastrukturunun qurulması məqsədilə 2 yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib. 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11 yeni baza stansiyası quraşdırılıb.
Respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə azad edilmiş ərazilərdə banklar və Azərpoçt tərəfindən quraşdırılmış POS-terminalların sayı 611 ədəd təşkil edib.
Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması istiqamətində regionlarda fəaliyyət göstərən sənaye parklarında 11 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Emal sənayesi və xidmət infrastrukturunun inkişaf etdirilməsi istiqamətində, ümumilikdə, 170 layihə üzrə rezidentlərin fəaliyyəti təmin edilib.