“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamına dəyişiklik edilib. Dövlət başçısı İlham Əliyev sentyabrın 18-də bununla bağlı sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək.
Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Beləliklə, otuzillik işğaldan sonra azad edilən torpaqlarımızla bağlı təqvimimizdəki şəhər günlərinin (Laçın – 26 avqust; Cəbrayıl – 4 oktyabr; Füzuli – 17 oktyabr; Zəngilan – 20 oktyabr; Qubadlı – 25 oktyabr; Şuşa – 8 noyabr; Ağdam – 20 noyabr; – Kəlbəcər – 25 noyabr) siyahısına daha biri əlavə olunub.
Prezidentin sentyabrın 19-da imzaladığı digər sərəncamla, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq, 20 sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilib.