Hüseyn Cavidin Ev-Muzeyində Milli Musiqi Günü münasibətilə “Üzeyir Hacıbəylinin sevimli tələbəsi Ərtoğrol Cavid” adlı tədbir keçirilib.

Əvvəlcə Üzeyir Hacıbəylinin bəstəkarlıq sinfində təhsil alan Ərtoğrol Cavidin (1919-1943) müəlliminə həsr etdiyi fortepiano üçün “9 variasiya” əsəri səsləndirilib.

Muzeyin direktoru filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı Ü.Hacıbəyli və Ə.Cavidin birgə fəaliyyəti haqqında danışıb: “Qızlar məktəbinin direktoru Pənah Qasımov hazırda toplaşdığımız bu otaqda yaşayıb. Hüseyn Cavidlə qonşu olublar. Pənah Qasımov, Müslüm Maqomayev və Üzeyir Hacıbəyli bacanaq olduqları üçün Üzeyir bəy tez-tez bu mənzildə qonaq olub. Həmin vaxtlardan Ərtoğrol Üzeyir bəyi tanıyıb və bu işıqlı insanların söhbətlərinin dinləyib. Ərtoğrol Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin sinfində təhsil alıb və özünün “9 variasiya” əsərini müəlliminə həsr edib”.

Daha sonra muzeyin əməkdaşları filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəngərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Quliyeva, Cəmilə Rzayeva və başqaları çıxış ediblər.

Sonda tədbir iştirakçıları Hüseyn Cavidin Ev-Muzeyinin fondunda qorunan şəxsi arxiv materialları əsasında hazırlanan sərgi ilə tanış olublar. Sərgidə Ə.Cavidin müəlliminə ünvanladığı məktublar, onun bəstələrindən ibarət nəşrlər, topladığı folklor materialları əsasında muzey tərəfindən çap olunmuş “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cildlik nəşr yer alıb.