Sentyabrın 19-da Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə (Üzeyir musiqi günü) həsr olunmuş möhtəşəm konsert keçirilib.
Əvvəlcə çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz konsertin ölkəmizdə hər il 18 sentyabr tarixində qeyd olunan Milli Musiqi Gününə həsr olunduğunu deyib. O, əlamətdar günün tarixi və dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycanın musiqi mədəniyyəti tarixində misilsiz xidmətləri haqqında məlumat verib. Bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan klassik bəstəkarlıq məktəbinin banisi, müsəlman Şərqində ilk operanın müəllifidir.
Sonra söz musiqiyə verilib. Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə açılıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin idarəçiliyi və tarzən Səxavət Məmmədovun iştirakı ilə Brazilia Milli Teatrının Simfonik orkestri çıxış edib. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Hacı Xanməmmədov və Həsən Rzayevin, eləcə də braziliyalı bəstəkar Heytor Villa-Lobosun əsərləri səsləndirilib.
Braziliya Federal Dairəsinin rəsmiləri, diplomatik korpus və şəhər ictimaiyyətinin nümayəndələri, sənətsevərlərin iştirak etdiyi gecədə Azərbaycan musiqi mədəniyyətinin təntənəsi yaşanıb. Bütün musiqi nömrələri alqışlara qarşılanıb.
Qeyd edək ki, Braziliyada bu günlərdə (14 sentyabr) Azərbaycan musiqiçilərinin iştirakı ilə daha bir konsert Para ştatının paytaxtı Belem şəhərinin Da Paz Teatrında gerçəkləşib. 2023-cü ilin oktyabrında isə istedadlı gənc dirijor Abuzər Manafzadə və solistlər Karen Danger-Manafzadə (soprano), Nicat Məsimov (balaban) və Sultan Hüseynin (nağara) iştirakı ilə maraqlı konsert proqramı təşkil olunmuşdu.
Onu da bildirək ki, Azərbaycan və Braziliya arasında mədəni əməkdaşlıq dərinləşir. Hazırda davam edən XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də “Teatro Da Paz” Simfonik orkestrinin baş dirijoru Migel Kampos Netonun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik orkestri və Xorunun konserti keçiriləcək. Bu ilin noyabr ayında isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Braziliyadan Klaudiu Santoro Simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru Klaudiu Koenin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub.