Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-də işə başlayan XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bir-birindən maraqlı tədbir və konsertlərlə davam edir.
Sentyabrın 19-da festivalın daha bir konserti Beynəlxalq Muğam Mərkəzində keçirildi. Kamera musiqisi axşamında “Ros Unicus” dueti (Avstriya-Azərbaycan) yerli və dünya bəstəkarlarının əsərlərindən ibarət maraqlı proqram təqdim etdi.
Konsertdən əvvəl təəssüratlarını bölüşən duet ortaqları Fərid Feyzullayev və Jalə Rəsulova bu festivalda ilk dəfə 10 il öncə çıxış etdiklərini bildirdilər.
Jalə Rəsulova: “Çox şadam ki, festivalda həm Avstriya, həm də Azərbaycanı təmsil edirik. Çalışmışıq maraqlı proqram tərtib edək. Həm klassik, həm də müasir musiqi nümunələri təqdim edəcəyik. Duetimizin adına gəlincə isə “Ros Unicus” latıncadan tərcümədə bizim adların tərcüməsidir – Jalə və Fərid. Biz Vyanada yaşayır və 10 ildir musiqiçi kimi fəaliyyət göstəririk. Mən Budapeştdə magistr təhsili almışam, Fərid Vyanada Konservatoriyanın magistraturasını bitirib. Hazırda orada konsert və pedaqoji fəaliyyəti davam etdiririk. Mütəmadi olaraq Vyanada konsert salonlarında çıxışlarımız olur”.
Fərid Feyzullayev: “Artıq ikinci dəfə Jalə ilə bu festivala qatıldığım üçün çox şadam. Belə bir festivalın təşkilinə görə təşəkkür edirəm. Festival bizim çıxışlarımıza imkan yaradır. Ötən il ADA Universitetində çıxışımız olmuşdu. Azərbaycanda klassik musiqi ifaçılarının bir araya gəlməsi xoş təəssürat yaradır. İstərdim ki, festivala xaricdən daha çox musiqiçilər dəvət olunsun. Bu, təcrübə mübadiləsi, öyrənmək üçün vacibdir”.
Kamera musiqisi axşamında ifaçılar Jhon Cage, Arif Məlikov, Luciano Berio, Türkər Qasımzadə, İqor Stravinski və Maurice Ravelin əsərləri səsləndirildi. Konsert proqramı tamaşaçılara klassik musiqinin həzin notları ilə xoş əhval bəxş etdi.
Lalə