Türkiyə Aşpazlar Federasiyasının vitse-prezidenti Fırat Dursun öz bacarığını məktəbin müəllim və istehsalat təlim ustaları ilə bölüşdü

Mayın 29-da Bakı Turizm Peşə Məktəbinin təhsil-təlim mərkəzində Türkiyə Aşpazlar Federasiyasının vitse-prezidenti Fırat Dursun tərəfindən ixtisas fənn müəllimləri və istehsalat təlim ustaları üçün ustad dərsi keçirildi.

Bakı Turizm Peşə Məktəbinin tədris-istehsalat işləri üzrə direktor müavini Cəmaləddin Axundov bildirdi ki, ustad dərslərinə Azərbaycan Turizm İnstitutunun qida mühəndisliyi fakültəsinin mütəxəssisləri də dəvət olunub: “Türkiyə Aşpazlar Federasiyasının vitse-prezidenti Fırat Dursunun Bakıda olduğunu bilən kimi onunla görüşdük və dünyada aşpazlıq sənətində baş verən yeniliklər, müasir tələblər barədə bizim istehsalat-təlim ustalarına məlumat verməsini istədik. O da razılaşdı və ustad dərslərinin keçirilməsini qərara aldıq”.
Direktor müavininin sözlərinə görə, türkiyəli təcrübəli aşpaz hələ bir müddət Bakıda olacaq. Sentyabr ayında Bakı Turizm Peşə Məktəbinə daxil olan yeni şagirdlər üçün də belə ustad dərslərinin təşkili nəzərdə tutulur: “Ümumiyyətlə, məktəbimizdə təhsil alan şagirdlərin Azərbaycan mətbəxindən başqa, Avropa və dünya mətbəxi barədə də məlumatlı olmaları üçün bütün imkanlardan istifadə edirik”.
Cəmaləddin Axundov qeyd etdi ki, ustad dərsləri davamlı olacaq. Növbəti mərhələlərdə Azərbaycanda fəaliyyət göstərən brend hotellərin baş aşpazlarının Turizm Peşə Məktəbinin şagirdləri üçün treninqlər keçirməsini təşkil edəcəklər: «Hazırda bizdə 100 nəfər aşpazlıq ixtisası üzrə təhsil alır. Biz onların müxtəlif hotellərdə istehsalat təlimində olmasına kömək edirik. Burda təhsil alan gənclər var ki, hazırda onlar böyük hotellərdə aşpaz, baş aşpaz kimi fəaliyyət göstərirlər. Onların köməkliyi ilə şagirdlərimizin həmin hotellərdə təcrübə keçməsinə nail oluruq. Bir çox hallarda həmin şagirdlər təcrübə keçdikləri hotellərdə də qalıb işləyirlər. İndi «Fairmont Baku» hotelində 8, «Mado» və «Meridian» restoranlarında şagirdlərimiz təcrübə müddətindədirlər. Bu günlərdə ölkə Prezidentinin də iştirakı ilə açılışı olan «Şamaxı Resort» hotelində bizim məktəbin üç məzunu aşpaz kimi fəaliyyət göstərir. Bundan başqa, məzunlarımızdan bir neçə nəfəri «Quba Resort» hotelində işləyir. Çalışırıq Bakı Turizm Peşə Məktəbinin bütün məzunlarının işlə təmin olunmasına da kömək edək».
Türkiyə Aşpazlar Federasiyasının vitse-prezidenti Fırat Dursun bildirdi ki, budəfəki dərsdə istehsalat təlimi ustalarına iki cür sousun və meyvə püresinin hazırlanması və təqdim olunmasını öyrədəcək. Qeyd etdi ki, belə təlimlərdə olmağı çox sevir. Çünki bəzən o özü də kimdənsə nə isə yeni bir şey öyrənir: «Digər xalqların mətbəx mədəniyyəti ilə tanış olmağın heç bir ziyanı yoxdur. Bugünkü təlimlərdə mən dünya mətbəxi barədə danışacağam, özüm isə Azərbaycan mətbəxi barədə məlumat alacağam».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar