Xəbər verdiyimiz kimi, 18 sentyabr – Milli Musiqi Günü ölkəmizdə və xaricdə silsilə tədbir və konsertlərlə qeyd olundu. Həmin tarixdə eyni zamanda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlanıb. Həm Milli Musiqi Günü münasibətilə, həm də ənənəvi festival çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət ocaqlarında da tədbirlər təşkil olunub.

Baş idarənin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü münasibətilə “Arşın mal alan” filmi nümayiş olunub.

Əvvəlcə musiqisi Üzeyir bəyə məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bəstəkarın yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən və ədəbi irsindən söz açıblar.

Sonda dahi bəstəkarın ölməz “Arşın mal alan” operettası əsasında 1965-ci ildə Tofiq Tağızadə tərəfindən lentə alınan eyniadlı film nümayiş olunub.

***

Qaradağ rayon Heydər Əliyev Mərkəzində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında danışılıb, onun musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətləri diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçılar “Arşın mal alan” filmini izləyiblər.

***

Baş idarənin tabeliyində fəaliyyət göstərən Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində (Qaradağ rayonu) Milli Musiqi Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbirdə milli musiqimizin tarixindən, Üzeyir Hacıbəylinin həyat yolundan, Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz xidmətlərindən danışılıb.