Sentyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Hindistan-Azərbaycan: mədəniyyətlərin qovuşması” adlı tədbir keçirildi.

Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və BMM-in dəstəyi ilə reallaşan tədbirdən əvvəl qonaqlar hind mədəniyyətini təbliğ edən kitab sərgisi ilə tanış oldular.

Tədbirdə açılış nitqi söyləyən səfir Sridharan Madhusudhanan Azərbaycan ilə Hindistan arasında əlaqələrdən danışdı. Azərbaycan xalq musiqisini və mətbəxini çox sevdiyini deyən diplomat mədəniyyətlərimiz arasında oxşar cəhətlərin də olduğunu qeyd etdi.

Bildirildi ki, hazırda Azərbaycan Hindistan kinematoqrafçılarının məkan olaraq ən çox müraciət etdikləri ölkədir. Bollivud filmlərinin çəkilişi üçün populyar məkana çevrilən Azərbaycanı daha çox tanıyır və sevirlər. Son üç ildə Azərbaycanda 28 Bollivud filmi lentə alınıb. Eyni zamanda Hindistandan turist səfərlərində də artım müşahidə edilir.

Səfir Azərbaycanın regionlarına da səfər etdiyini, buranın təbiətini çox sevdiyini, mədəniyyətimizlə yaxından tanış olmaqdan məmnunluğunu ifadə etdi.

BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə mədəniyyətlərin qovuşmasının vacib məqam olduğunu dedi: “Mədəniyyət hər bir xalqın pasportudur. Xalqlar öz mədəniyyətlərini təbliğ etməklə bütün dünyaya milli-mənəvi dəyərlərini nümayiş etdirmiş olurlar. Musiqinin sərhədi və dili olmur”.

Direktor dünyaca məşhur sitar ifaçı Ravi Şankarın sənətindən söz açaraq onu hind musiqisinin bütün dünyada görkəmli təbliğatçısı kimi dəyərləndirdi. Eyni zamanda vaxtilə Azərbaycanda böyük bir nəslin hind filmləri və musiqisinə böyük rəğbətinin olduğu və bu sevginin bu gün də davam etdiyi vurğulandı.

Çıxışlardan sonra konsert proqramı ilə davam edən gecədə Hindistan və Azərbaycanda çox sevilən musiqi və rəqs nümunələri təqdim olundu. Proqram tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı.

 

Lalə Azəri