Sentyabrın 21-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın payız mövsümündə ilk iclası keçirilib.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən tədbirdə şuranın sədri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov ölkənin mədəni həyatı, dövlət mədəniyyət strategiyası, çağdaş beynəlxalq çağırışlar barədə fikirlərini bölüşüb.
İctimai Şuranın sədr müavini Əkbər Qoşalı indiyədək həyata keçirilən tədbirlər və görüləcək işlər barədə, o cümlədən Bakı və Mil-Muğan üzrə təşkil olunan geniştərkibli ictimai dinləmələr, uşaq ədəbiyyatının, özəl nəşriyyatların mövcud durumu ilə bağlı dinləmələr, media çıxışları, müxtəlif beynəlxalq və yerli tədbirlərdə iştirakla bağlı ətraflı məlumat verib.
İctimai Şuranın sədr müavini Vüqar Qədirov, üzvlər – Əməkdar incəsənət xadimi Ayaz Salayev, Ülviyyə Bəbirli, Samirə Mustafayeva və Xanoğlan Əhmədov çıxış edərək şuraya edilən müraciətlər, qaldırılan problemlər və təkliflər barədə danışıblar.
Şuraya edilmiş bəzi müraciətlərlə bağlı cavabdeh şəxslərlə yerindəcə telefon bağlantısı qurulub, kömək göstərilməsi imkanları araşdırılıb.
Sonra akademik Nizami Cəfərov şuranın fəaliyyəti ilə bağlı ötən müddətdə qarşıya çıxan bəzi məsələlər barədə fikirlərini bölüşüb, gələcək fəaliyyətə dair tövsiyələrini verib.
Qərara alınıb ki, Gəncə, Quba, Şəki, Lənkəran şəhərlərini, Qarabağı, Şərqi Zəngəzuru əhatə edən regional mədəniyyət idarələri öndə olmaqla indiyədək ictimai dinləmə keçirilməmiş bütün regionlarda ictimai dinləmələr təşkil olunsun. Qarşıdakı ilk ictimai dinləmənin oktyabr ayında keçirilməsi məqsədəuyğun hesab edilib.
İclasda həmçinin mədəniyyətyönümlü fəaliyyəti ilə seçilən QHT-lər, mədəniyyət yazarları ilə ayrıca görüşlərin keçirilməsi, müzakirələrin aparılması qərara alınıb.