Azərbaycan Milli İncəsənət Muzeyində "Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş "Azərbaycan təsviri sənətində neft mövzusu" adlı mühazirə keçirilib.

Muzeyin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev tərəfindən təqdim olunan mühazirədə Ümummilli lider Heydər Əliyevin neft strategiyasının mühüm tərkib hissəsi olan bu tarixi layihənin ölkəmizin iqtisadi inkişafında oynadığı müstəsna roldan söz açılıb. Ulu öndərin hər zaman mədəni irsimizə, incəsənətimizə, sənət adamlarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib. 

Məruzəçi xalqımızın zəngin sərvəti olan "qara qızıl"ın rəssam və heykəltaraşlarımızın yaradıcılığında önəmli yer tutan mövzulardan olduğunu vurğulayıb. Muzeyin kolleksiyasından görkəmli  Azərbaycan sənətkarlarının neft sənayesi və neftçi obrazlarını əks etdirdikləri əsərlər auditoriyaya təqdim edilib.

Dinləyicilər arasında YAP Səbail rayon təşkilatının fəalları yer alıblar. Mühazirənin sonunda onlar muzeydə mövzu ilə bağlı tematik ekskursiyada iştirak ediblər.