Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Bu münasibətlə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsində (RMİ) dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən idarə rəisi Vasif Qurbanzadə bu günün əhəmiyyəti haqqında məlumat verib, idarənin tabeliyində fəaliyyət göstərən hər bir mədəniyyət müəssisəsində Dövlət Suverenliyi Günü ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsini tövsiyə edib.
***
Neftçala rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunmuş “Söz mülkünün sultanı” adlı konfrans keçirilib.
Çıxış edənlər Azərbaycan ədəbiyyatında divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan Füzulinin həyat və yaradıcılığı haqqında danışaraq, onun əsərlərinin həm Şərq, həm də dünya ədəbiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Konfrans zamanı dahi şairin qəzəllərindən nümunələr səsləndirilib.
Tədbir iştirakçıları sonda şagirdlərin Füzuli yaradıcılığına həsr olunmuş rəsm əsərləri və ənənəvi kitab sərgisi ilə tanış olublar.
***
Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon mədəniyyət müəssisələri, YAP Ağstafa rayon təşkilatı ilə birgə Azərbaycan Ordusu tərəfindən ötən ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən antiterror əməliyyatının birinci ildönümünə həsr olunmuş "Tarixin unudulmayan səhifələri" adlı tədbir keçirib.
Bildirilib ki, 2023-cü ilin sentyabr ayının ortalarında Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın dəstəklədiyi separatçı qüvvələr yenidən təxribat xarakterli addımlar atmağa başladılar. Buna cavab olaraq Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatı apardı. Cəmi 23 saat ərzində separatçı Ermənistanın ərazidəki silahlı qüvvələri və separatçılar tərksilah olundu. Beləliklə, Azərbaycanın bütün sərhədləri daxilində suverenliyi tam bərpa edildi.
***
Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə şəhər 3 saylı körpələr evi-uşaq bağçasının azyaşlı oxucuları üçün “Nağıl saatı” keçirilib.
Uşaq şöbəsinin əməkdaşı İlhamə Bağırova “Tülkü və çəpiş” nağılını oxuyub. Nağıl balacalar tərəfindən maraqla qarşılanıb.
Hazırladı: N.Məmmədli