Azərbaycanda 400-dən artıq hotel lisenziya ilə fəaliyyət göstərir. Hər il ölkədə 50-yə yaxın yeni yerləşdirmə obyekti istifadəyə verilir. Artıq lisenziya əldə etmək istəyən şirkət və hotellər bunu internet vasitəsilə Mədəniyyət və Turizm Nazirliyinin saytına daxil olaraq, tələb olunan sənədləri təqdim etməklə həyata keçirə bilər.
Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov deyib ki, bir çox turizm şirkətlərinin hotellərlə əlaqələri çox zəifdir. Onun fikrincə, hotellər və turizm şirkətləri arasında əlaqələrin qurulmasına nazirlik müdaxilə edə bilməz: «Əlaqələrin qurulmasında hər iki tərəfin marağı olmalıdır. Çünki həm hotel, həm də turizm şirkəti qarşılıqlı əməkdaşlıqdan gəlir əldə edir. Buna görə də tərəflər bu məsələləri özləri tənzimləməlidirlər».
Sektor müdiri bəzi hotellərin müştəri baxımından kasad olmasının səbəbini də onların turizm şirkətləri ilə qarşılıqlı işləyə bilməməsində görür: «Hazırda nazirliyin həm hotel, həm də turizm şirkətlərinə tövsiyə etdiyi əsas məsələ turistlərə göstərilən xidmətlərin səviyyəsinin yüksək olması, mövcud qanunvericiliyə riayət edilməsidir. Eyni zamanda hotellər özlərinə daha çox turist axınını təmin etmək məqsədilə turizm şirkətləri üçün korporativ qiymətlərdən də aşağı olan xüsusi qiymətlər tətbiq etməlidirlər».

Fəxriyyə