“Daha ədalətli dünya mümkündür”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda (ABŞ) Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, görüş sentyabrın 24-də Nyu-York şəhərindəki “Türk Evi”ndə baş tutub.

Ərdoğan Paşinyana müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib.

Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib.

Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması və yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasının tərəfdarı olduğunu, bunun üçün səylərin davam etdiyini bildirib.

O, Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti və Ermənistan Baş naziri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasına qatılıblar.