Sentyabrın 25-də Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Qazaxıstan Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqaliyeva imzalayıblar.

Sonra Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və Azərbaycan nümayəndə heyətinin üzvləri guşə ilə tanış olublar.

K.Tahirov çıxışında bildirib ki, “Azərbaycan ədəbiyyatı guşəsi”ndə ölkəmizin müasir nailiyyətləri, 44 günlük Vətən müharibəsindəki qələbəsi, tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı 250-dən çox kitab yer alıb. O, xatırladıb ki, Azərbaycan Milli Kitabxanasında “Qazaxıstan ədəbiyyatı guşəsi” 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılıb.

Q.Nurqaliyeva öz növbəsində  2003-cü ildən etibarən Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq etdiklərini bildirib, imzalanan memorandumla bu əlaqələrin daha da güclənəcəyinə inamını ifadə edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmiyə və şair Fərid Hüseynə Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqələri təqdim olunub.