Qarabağ Dirçəliş Fondu tərəfindən qala-şəhərimizə royal hədiyyə olunub

 

Mədəniyyət paytaxtımızda “Qarabağ gecəsi – Şuşa” adlı xeyriyyə konserti keçirilib.

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 22-də keçirilən konsert Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə gerçəkləşib.

Əvvəlcə çıxış edən QDF idarə heyətinin sədri Rəhman Hacıyev artıq ənənə halını alan “Qarabağ gecəsi” xeyriyyə konsertlərinin doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək məqsədilə həyata keçirildiyini deyib. Bildirib ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində möhtəşəm Qələbə qazanıb. Hazırda işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır.

Qeyd olunub ki, xeyriyyə konserti artıq üç dəfə Bakı və Gəncə şəhərlərində keçirilib. Həmin konsertlərdən əldə edilən ianələr hesabına fond tərəfindən “YAMAHA” markalı royal alınaraq Şuşa şəhərinə hədiyyə olunur.  

Xeyriyyə konsertlərinin Xalq artisti Fərhad Bədəlbəylinin təşəbbüsü ilə keçirildiyini xatırladan R.Hacıyev Şuşa şəhərinə hədiyyə olunan royalın Şuşanın əvvəlki musiqi şöhrətini özünə qaytarmasına töhfə verəcəyindən əminliyini ifadə edib.

Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondu müşahidə şurasının üzvü Fərhad Bədəlbəyli çıxış edərək “Qarabağ gecəsi” xeyriyyə konsertlərinin əhəmiyyətini yüksək qiymətləndirib. O, layihənin işğaldan azad edilmiş ərazilərimizdə mədəni mühitin bərpasına töhfə verdiyini vurğulayıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Xalq artistləri Fərhad Bədəlbəyli və dünyaşöhrətli tenor Yusif Eyvazov, solistlər Yeganə Axundova (piano), Gülnaz İsmayılova (soprano), eləcə də Mahir Tağızadə (bariton), Nəzrin Aslanlı (violin), Qəmər Kərimli (violin) çıxış ediblər. Eyni zamanda Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri bir saatdan artıq davam edən konsert zamanı qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.

Yusif Eyvazov Azərbaycan klassik əsərləri ilə yanaşı, İtaliya klassik musiqisini, o cümlədən Neapol mahnılarını da böyük məharətlə ifa edib. F.Bədəlbəylinin “Dəniz” kompozisiyası və “Ave Maria” əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdən sonra Şuşa şəhər sakini, filologiya elmləri doktoru İlhami Cəfərsoylu çıxış edərək konsertin bütün təşkilatçılarına dərin təşəkkürünü bildirib.