Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı paytaxtla yanaşı, bir sıra bölgələrdə də maraqlı tədbir və konsertlərlə davam edir.

 

“Leyli və Məcnun” Şuşada ilk dəfə nümayiş olunub

 

Festival çərçivəsində sentyabrın 21-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilk dəfə tam şəkildə nümayiş olunub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik orkestri və xorunun ifasında dahi bəstəkarın ata yurdundakı heykəli qarşısında təqdim olunan tamaşa böyük maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, xormeysterləri Sevzixan Serderov və Zöhrə Həşimovadır.

Rolları Əməkdar artistlər Arzu Əliyeva (Leyli), Elnur Zeynalov (Məcnun), Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn Salam), həmçinin Aytən Məhərrəmova (Leylinin anası), Afaq Ağayeva (Məcnunun anası), Taleh Yəhyayev (Leylinin atası), Mütəllim Dəmirov (Məcnunun atası) və Nəzər Bəylərov (Zeyd) ifa ediblər.

Rejissor Hafiz Quliyev bildirib ki, “Leyli və Məcnun” operası indiyədək Şuşada tam şəkildə göstərilməyib. Açıq havada nümayiş olunan tamaşanın müddəti 1 saat 35 dəqiqə təşkil edib. Pərdələrin olmaması səbəbindən tamaşa cüzi ixtisar edilib.

 

Gəncə

 

Sentyabrın 19-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış rusiyalı pianoçular, beynəlxalq müsabiqələr laureatları Daniil Kirillov və Anna Rasinanın təqdimatında “Universum” adlı konsert proqramı keçirilib.

Gəncədə ilk dəfə çıxış edən musiqiçilər V.A.Motsartın “Sehrli fleyta” operasından uvertüra, fortepiano üçün sonata, İ.S.Baxın “Jesus bleibet meine Freude” və “Shafe können, Sicher weiden” xor prelüdləri, L.Bethovenin “Ich denke dein” mövzusunda 6 variasiya, P.Maskanyinin “Kənd namusu” operasından intermezzo, F.Mendelsonun “Bir yay gecəsi yuxusu”ndan skertso, S.Raxmaninovun 4 pyesini ifa ediblər.

Gəncə Dövlət Filarmoniyasında festivalın daha bir konserti sentyabrın 23-də gerçəkləşib. “Ruhun qidası” adlı konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları – gənc kamança ifaçısı, Prezident təqaüdçüsü Mədinə Şahgəldiyeva və gənc pianoçu Nərmin Rzayeva tamaşaçılar qarşısında çıxış ediblər.

Gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”, “Şur” muğamı, Sevda İbrahimovanın “Məhəbbət işığı” pyesi, L.Bethovenin sonata, Bela Bartokun “6 rumın rəqsi”, Tural Məmmədlinin “Tənha yolçu”, Dadaş Dadaşovun “Mədinənin sehrli kamanı” əsərləri səsləndirilib. Bütün musiqi nömrələri tamaşaçıların ruhunu oxşayıb.

 

Qəbələ

 

Sentyabrın 21-də Bakı Kamera Orkestrinin Qəbələ Rayon Mədəniyyət Mərkəzində konserti keçirilib. Orkestrin bədii rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

Orkestrin təqdim etdiyi konsertdə solistlər – Xalq artistləri Yeganə Axundova (piano), Gülnaz İsmayılova (soprano), həmçinin Nəzrin Aslanlı (violin), Mahir Tağızadə (bariton) və Qəmər Kərimlinin (violin) ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

 

Lənkəran

 

Festival çərçivəsində sentyabrın 20-də Lənkəran Dövlət Universitetinin (LDU) akt zalında tanınmış bəstəkar, violin ifaçısı, Əməkdar artist Fərhəng Hüseynovun (1949 –2010) 75 illik yubileyinə həsr olunmuş görüş-konsert keçirilib.

Almaniyanın “Les Essens” simli kvarteti (Öndər Baloğlu (bədii rəhbər), Adamek Bianka, Odysseas Lavaris, Diego Hernandez Suarez) universitetin professor-müəllim və tələbə heyəti qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar yer alıb. Musiqiçilərin ifası, maraqlı repertuar seçimi tamaşaçıların ürəyincə olub, alqışlarla qarşılanıb.

LDU-nun rektoru professor Natiq İbrahimov kvartetin üzvləri ilə görüşüb. Maraqlı konsertə görə heyətə təşəkkürünü bildirib, xatirə hədiyyəsi təqdim edib.

 

Şəmkir

 

Sentyabrın 22-də Şəmkir Alman Lüteran Kilsəsinin səhnəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev) xor qrupunun konserti keçirilib.

Xormeyster, Əməkdar artist Naala Baratelianın rəhbərliyi, konsertmeysterlər Lalə Bağırzadə və Fərdin İlham Məhəmmədzadə, Əməkdar artist Xəyyam Məmmədov (kamança), Emin Eminli (tar), Cəfər Həsənovun (nağara) müşayiəti ilə solistlər Orxan Əlizadə, Səbinə Əlizadə, Zəminə Ağayeva və Şahnaz Əliyeva öz ifalarını təqdim ediblər.

Proqramda Cahangir Cahangirovun “Əzmə tağları”, “Cənnətim Qarabağ”, “Durnalar” (xor üçün işləyəni Aidə Hüseynova), Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamının xor üçün işlənməsi (Vaxtanq İmanov), “Mən səni araram”, Tofiq Quliyevin “Lirik mahnı”, “Tez gəl”, “İlk bahar” əsərləri ifa olunub.

Musiqi axşamında həmçinin Azərbaycan xalq mahnılarına da yer verilib. “Laçın”, “Qalanın dibində bir quş olaydım”, “Bağa girdim üzümə”, “Oyna, yar” (xor üçün işləyəni Vaqif Məstanov), “Aman, nənə” (xor üçün işləyəni Qalib Məmmədov), “Basma, basma tağları” (xor üçün işləyəni İbrahim İsmayılov) və “Nə baxırsan?” (xor üçün işləyəni Nazim Məlikov) mahnıları konsertə əlavə rəng qatıb. Bütün ifalar alqışlarla qarşılanıb.

 

Naxçıvan

 

Festival çərçivəsində sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin (1934–2015) 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayan konsertdə Gəncə Dövlət Filarmoniyasının solistləri – Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev R.Mirişlinin “Dalğalar”, “Bir xumar baxışla”, “Vətənimsən” mahnılarını ifa ediblər.

Naxçıvan Dövlət Filarmoniyasının solistləri NMR-in Əməkdar artisti Ruhiyyə Hüseynova, Prezident mükafatçıları İsrafil Qibləliyev, Cəfər Tağıyev, Nərmin Hüseynova, İlkin Abdullayev “Naxçıvan təranələri”, “İlhama gəldi”, “Səadət”, “Sevdalandım yaz gəlincə”, “Həyat, söylə, sən kiminsən?” və digər mahnılarla tamaşaçıların zövqünü oxşayıblar.

Solistləri Naxçıvan filarmoniyasının simfonik orkestri, mahnı və rəqs ansamblı müşayiət edib. Dirijorlar Cahangir Qurbanov və Elvin Əliyarov, ansamblın bədii rəhbəri Əməkdar artist Zeynalabdin Babayevdir.