Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Türk dünyasında musiqi və rəqs” və “Qlobal musiqi tarixi” araşdırma qruplarının “Qədim mirasın əks-sədaları: musiqi və rəqs irsinin öyrənilməsi” adlı birgə simpoziumun təşkil edilməsi haqqında məlumat vermişdik.

ICTMD, Azərbaycan Milli Konservatoriyası, Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi olan simpozumda ondan çox ölkədən mütəxəssislər bəşər övladının ilk özünüifadə bacarıqlarından olan rəqs sənəti, qədim dövrlərdən bugünədək insan ruhunun qidası olaraq qalan musiqi sənəti barədə fikirlərini bölüşdülər, araşdırmalarının nəticələrini paylaşdılar.

***

Sentyabrın 18-də işə başlayan simpoziumun ilk iki günündə məruzələr əsasən milli musiqi mirasını yaşadan, inkişaf etdirən məqamları əhatə edirdisə, sentyabrın 20-də plenar sessiyalara çıxarılan mövzuların əhatə dairəsi daha geniş idi.

Milli Konservatoriyanın Əmirov adına konsert zalında keçirilən sessiya “Şuşanın musiqi irsi mədəniyyətlərin dialoqu kontekstində”, digər bölmələr isə “Musiqi və rəqs ənənələrinin qorunması və transformasiyası problemləri”, “Musiqi terapiyası: XXI əsrdə problemlər və perspektivlər” mövzularına həsr olunmuşdu.

Sənətdə ənənələrin qorunması problemlərini araşdırmaq, ayrı-ayrı xalqların milli mədəni irsini mənəvi dəyər olaraq yaşatmaq üçün lazımdırsa, musiqi terapiyası həmin irsin daşıyıcılarının fizioloji sağlamlığına xidmət baxımından maraqlı idi. Məsələn, “Serebal iflicli uşaqların müalicəsində interaktiv musiqi terapiyası”, “Musiqinin diaqnostik imkanları”, “Gənclərin sağlam və nevrotik pozğunluqlarında musiqinin psixofizioloji və vegetativ göstəricilərə düzəldici terapevtik təsiri” kimi mövzulara dair məruzələr dinlənildi. Görkəmli alim Ramil Həşimlinin  “Ənənənin qorunması: Azərbaycan muğam ifaçıları arasında vokal sağlamlığı, rifahı və akustik və fizioloji tədqiqatların inkişafında səs tədqiqatçısı, vokal pedaqoqunun və LOR həkiminin birgə səyləri kimi”, Əməkdar artist və pedaqoq Gülüstan Əliyevanın “Muğam ifasında zəngulə texnikasının tədqiqi” kimi məruzələri maraqla qarşılandı.

***

Sentyabrın 21-də simpozium işini Bakı Xoreoqrafiya Akademiyasında davam etdirdi. “Musiqi və rəqs ənənələrinin qorunması və transformasiyası problemlərinin araşdırılması” mövzusuna həsr olunmuş məruzələr “Ənənəvi irsin itirilməsi, assimilyasiyası və transformasiyası”, “Ənənəvi bədii təcrubənin rekontekstualizasiyası”, “Ənənəvi musiqi  və rəqs tarixində naməlum adlar və görkəmli şəxsiyyətlər” kimi yarımbölmələrdə dinlənildi.

Məruzələri BXA tələbələrinin ifasında rəqslər süsləndirdi.

***

Simpoziumun son günü iştirakçılar yenidən Milli Konservatoriyada toplaşdılar.

“Musiqi və rəqs ənənələrinin qorunması və transformasiyası problemləri”, “Ənənəvi və akademik təhsildə təcrübənin ötürülməsi və qorunması mexanizmləri”, “Ənənəvi irsin itirilməsi, assimilyasiyası və transformasiyası” mövzuları ətrafında musiqişünaslıq elminin problemləri baxımından maraqlı çıxışlar dinlədildi.

Simpoziuma onlayn qoşulan Yekaterina Karelina (Rusiya) “Tıva Respublikasının “Xoomei” Beynəlxalq Akademiyasının son nəşrləri haqqında” məlumat verdi, Damir Urazymbetov (Qazaxıstan) isə “Qazax rəqsi əsrlərdən keçərək” kitabını təqdim etdi.

Rövşanə Kərimovanın “Şuşanın musiqi tarixi: XIX əsr musiqi mühiti şuşalı musiqiçilər”, Fərdin Məhəmmədzadənin “Bərdaştın muğamda transformasiyası: tarxi və çağdaş təhlil” (hər ikisi Azərbaycan), Gülnar Abdıraxmanın “Uyğur mahnı və rəqs sənəti ilə qarşılıqlı əlaqə kontekstində K.Kuzhamyarovun orkestr musiqisi”, Dilara İslamovanın (Özbəkistan) “Stilistik eynilik baxımından tatar və özbək piano musiqisi” mövzulu təqdimatları da oldu.

***

Beləcə, ICTMD-nin iki araşdırma qrupunun birgə simpoziumu başa çatdı. Qonaqlarımız ölkələrinə qayıtdılar, ya da Üzeyir Hacıbəyli festivalının digər tədbirlərinə qatıldılar. Ev sahibləri olan Azərbaycan musiqişünasları mühüm missiyanı yerinə yetirdikdən sonra tədris və yaradıcılıq fəaliyyətinə davam etməkdədirlər. Arzu edərdik ki, simpoziumda səsləndirilən fikirlər, araşdırmaların nəticələri elmi məclis çərçivəsində qalmayacaq, tədris prosesində öz yerini tapacaq.

Gülcahan Mirməmməd