Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyət Günləri başa çatıb.
Sentyabrın 26-da K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala-konsert keçirilib.
Konsert proqramını Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, digər rəsmilər, iki ölkənin mədəniyyət və elm xadimləri, musiqisevərlər izləyiblər.
Konsertdə Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Əlixan Səmədov, Tünzalə Ağayeva, Azər Zeynalov, Gülyaz Məmmədova, Əməkdar artistlər Rəşad İlyasov, Lalə Məmmədova, İlahə Əfəndiyeva, İlkin Əhmədov, Nərgiz Kərimova, İnarə Babayeva, Ramil Qasımov, solistlər Orxan Hüseynli, Leyla Rəhimova, İlhamə Qasımova, Səxavət Məmmədov, İbrahim Babayev, Humay Qədimova, Aşıq Samirə, Aşıq Əli, həmçinin "Qarabağ" orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, "Mərdan" qrupu və başqaları çıxış ediblər.
Proqramda Əli Səliminin "Sizə salam gətirmişəm" mahnısı, Üzeyir Hacıbəylinin "Sevgili canan" romansı, "Arşın mal alan" operettasından "Əsgərin və Gülçöhrənin dueti", Ələkbər Tağıyevin "Sən gəlməz oldun", Bəhram Nəsibov "Qarabağ" mahnıları, Qara Qarayevanın “Yeddi gözəl” baletindən “Adajio”, Tofiq Quliyevin "Qaytağı", "Sevgi valsı" əsərləri, Yevgeni Brusilovskinin “Boz ayqır süitası”, Oqtay Kazıminin "Taleyim mənim", Arslanbek Sultanbekovun "Dombra", Elza İbrahimovanın "Ey Vətən" nəğmələri, Fikrət Əmirovun "Sevil" operasından "Dilbərin ariyası" və "Balaşın mahnısı", Eduardo di Capua və Alfredo Mazzucchinin "O sole mio” əsəri, həmçinin "Üç gündən bir, beş gündən bir" Azərbaycan xalq mahnısı, "Uzundərə" xalq rəqsimiz və digər mahnılar ifa edilib. Qazaxıstanın Əməkdar artisti Əlişir Kərimov da ifası ilə qala-konsertə öz töhfəsini verib.
Sonda bütün ifaçılar M.Maqomayevin məşhur “Azərbaycan” mahnısını birgə səsləndiriblər.
İncəsənət ustalarının şövqlə təqdim etdiyi musiqi və rəqs nömrələri böyük maraq və alqışlarla qarşılanıb.
Qala-konsert bütün musiqiçilərin səhnədə birgə xatirə şəkli çəkdirməsi ilə sona çatıb.
Bununla da Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyət Günləri başa çatıb. Üç gün ərzində gerçəkləşən konsert, tədbir və təqdimatlar ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş qazax xalqının yaddaşında silinməz izlər qoyub.
Nurəddin