XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konsertlərindən biri də sentyabrın 20-də “Xəzər” Universitetinin Fikrət Əmirov konfrans-konsert mərkəzində baş tutub.

“Üzeyir sənətinin gənclik sədaları” adlı konsertdə universitetin kamera orkestrinin (bədii rəhbər Zülfiyyə Sadıqova, dirijor Meri Çeminava) müşayiəti ilə gənc solist və tələbə ifaçıları (əksəriyyəti Bülbül vokal məktəbinin tələbələri) çıxış ediblər.

Proqramda Üzeyir Hacıbəylinin “Sevgili canan”, Asəf Zeynallının “Sual” romansları, Müslüm Maqomayevin “Nərgiz” operasından Nərgizin mahnısı, eləcə də digər Azərbaycan və dünya bəstəkarlarının mahnı və romansları səsləndirilib.