Bakı Turizm Peşə Məktəbinin Təhsil-Təlim Mərkəzində mayın 19-dan 25-dək turizm sənayesində çalışanlar üçün orta dərəcəli menecer, ofisiant və somelye ixtisasları üzrə təlimlər keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və BMT İnkişaf Proqramının (BMTİP) «Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi» layihəsi çərçivəsində təşkil olunan təlimləri Ukraynadan dəvət edilmiş hotel-restoran biznesi sahəsində peşəkar mütəxəssis Yekaterina Şaşkova aparıb.
Layihənin koordinatoru Səbinə Babayevanın qəzetimizə verdiyi məlumata görə, layihə çərçivəsində bir neçə istiqamət üzrə kurslar reallaşdırılır: «Budəfəki treninqlərdə qonaqpərvərlik mədəniyyəti, gəlirin artırılmasında işçinin rolu, bir komandada çalışma, öz işindən məmnunluq və zövq almaq, müştərini razı salmaq və s. mövzular müzakirə edilib, dinləyicilərə ətraflı məlumatlar verilib. Təlimlər interaktiv şəkildə keçirilir və təlim zamanı rol modelləri, oyunları istifadə edilir, hər iştirakçı mövzuya uyğun öz fikrini, konsepsiyasını və bacarıqlarını göstərir».
Layihə koordinatorunun sözlərinə görə, təlimlərdə «Four Seasons», «Kempinski Badamdar», «Xəzri», «Ariva», «Espressamente İlly» və «Anatoliya» hotel və restoranlarının əməkdaşları, həmçinin Bakı Turizm Peşə Məktəbinin müəllimləri iştirak ediblər. Təlimlərdən uğurla keçənlərə Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən təsdiqlənmiş sertifikat verilib: «Kurslar ödənişsizdir. Məqsədimiz Azərbaycanın turizm sənayesi üçün peşəkar kadr hazırlamaqdır».
Fəxriyyə