Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və “Chengdu” Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat veriblər.

Bildirilib ki, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir. Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.

Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Ordumuzun hərbi-texniki təchizatı məsələsi Ali Baş Komandanın xüsusi diqqət mərkəzindədir.

Sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.