Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısında Birgə Bəyannamə qəbul edilib
İyunun 4-5-də Türkiyənin Bodrum şəhərində türkdilli ölkə başçılarının növbəti görüşü olub. Sammitdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentləri Abdullah Gül, İlham Əliyev, Nursultan Nazarbayev, Almazbek Atambayev, Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər.
İyunun 4-də ölkə başçıları ikitərəfli görüşlər keçiriblər, həmçinin Abdullah Gülün adından dövlət başçılarının şərəfinə verilən şam yeməyində bir araya gəliblər. Daha sonra tarixi Bodrum qalasında “Türk düyünü” adlı konsert təqdim olunub.
Turizm ölkələrimiz arasında işbirliyinin genişlənməsində mühüm rol oynayacaq
İyunun 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV zirvə toplantısı keçirilib. Toplantıda iştirak edən dövlət başçılarını salamlayan Türkiyə Prezidenti Abdullah Gül türkdilli dövlətlərlə əlaqələrin genişlənməsində bu təşkilatın böyük rolu olduğunu bildirib. Qeyd edib ki, təşkilat çərçivəsində dövlət başçıları arasında əlaqələr də səmərəlidir və bu da öz növbəsində ikitərəfli münasibətlərin inkişafına xidmət edir. 2009-cu ildə Naxçıvan sammitində təsis olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ötən dövrdə böyük inkişaf yolu keçib. Türkiyə rəhbəri builki zirvə toplantısının mövzusunun turizmə həsr olunduğunu diqqətə çatdıraraq bu istiqamətin ölkələrimiz arasında işbirliyinin genişlənməsində mühüm rol oynayacağını vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış edib.
Ötən il Qəbələdə keçirilən sammitdən sonra Azərbaycanın Şuraya sədrlik etdiyini və indi bu missiyanı Türkiyəyə təhvil verdiyini deyən dövlət başçısı bu müddətdə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın davam etdiyini, biznes forum keçirildiyini diqqətə çatdırıb: “Çox şadam ki, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması da artıq reallaşır. Əminəm ki, bu Fond yaranandan sonra müxtəlif layihələri, mədəniyyətlə, incəsənətlə, ortaq tariximizlə bağlı tədbirləri keçirmək üçün yaxşı imkanlar olacaqdır”.
Keçən il Qəbələdə Azərbaycan tərəfindən beynəlxalq turizm sərgilərində birgə stendlərlə çıxış etmək barədə təklif irəli sürdüyünü xatırladan Prezident artıq bu yöndə də ilk addımın atıldığını, apreldə Bakıda keçirilmiş beynəlxalq turizm sərgisində Türk Şurasına üzv ölkələrin birgə fotostendinin də nümayiş etdirildiyini bildirib: “Hesab edirəm ki, növbəti illərdə biz başqa ölkələrdə birgə turizm potensialımızı təqdim etməliyik. Bunun həm də birliyimiz üçün önəmi vardır. Çünki bu, birliyimizin bir təzahürü və praktik nöqteyi-nəzərdən önəmli addım olacaqdır. Biz söhbət əsnasında bu barədə fikir mübadiləsi aparmışıq”.
TÜRKSOY-un fəaliyyəti daha da gücləndiriləcək
Prezident TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirib: “TÜRKSOY bizi mənəvi cəhətdən, mədəniyyət sahəsində birləşdirən təşkilatdır. Bizim birliyimizin təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə də fəaliyyətini gücləndirmək üçün əlimizdən gələni edəcəyik”.
Azərbaycanın türkdilli ölkələrlə əməkdaşlığı möhkəmləndirmək üçün səylərindən danışan İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun bu istiqamətdə mühüm infrastruktur layihəsi olduğunu vurğulayıb.
Sonra digər dövlət başçıları da çıxış ediblər. Toplantıya yekun vuran Türkiyə Prezidenti Abdullah Gül tədbirdə müzakirə olunan məsələlərin türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyini bildirib.
Sonra dövlət başçıları zirvə toplantısının Birgə Bəyannaməsini, Türk Şurası baş katibinin və müavinlərinin təyin olunması, eləcə də Türk Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərarı imzalayıblar.
Qərara əsasən, Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi seçilib. Türk Akademiyasının prezidenti vəzifəsinə Darxan Kıdırəli təyin olunub. Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı işini başa çatdırıb.
Mədəni irs nümunələrinin UNESCO-ya birgə təqdimatı
Qeyd edək ki, Bodrumda dövlət başçılarının toplantısı ilə yanaşı, nazirlər səviyyəsində də görüş və toplantılar olub. İyunun 4-də Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Təşkilatın Ağsaqqallar Şurasında ölkəmizi Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov təmsil edib.
İştirakçıları salamlayan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu gündəlikdə duran məsələlər barədə məlumat verib, təşkilatın fəaliyyətindən bəhs edib. Seyid Yəhya Bakuvi, Nizami Gəncəvi, Əlişir Nəvai və digər dünya şöhrətli mütəfəkkir və ədiblərimiz tərəfindən türkdilli xalqların ortaq mədəniyyətlərini yaşatmaq və inkişaf etdirmək üçün əsaslı dəyərlər olduğunu diqqətə çatdıran türkiyəli nazir bildirib ki, tarixi, mədəni və mənəvi köklərimiz sarsılmaz tellərlə möhkəm bağlıdır.
Azərbaycanın sədrliyi ilə təşkilatın ötən dövrkü fəaliyyəti barədə məlumat verən xarici işlər naziri Elmar Məmmədyarov türkdilli ölkələr arasında çoxtərəfli və ikitərəfli münasibətlər əsasında həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətini qeyd edib.
Türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin çoxşaxəliliyinin təmin edilməsinin vacibliyini vurğulayan Qırğızıstan xarici işlər naziri Erlan Abdıldaev, Qazaxıstanın XİN başçısı Erlan İdrissov Türk Şurasının böyük perspektivlərə malik təşkilat olduğunu diqqətə çatdırıblar. Nazirlər qərara alıblar ki, türkdilli ölkələr öz mədəni irsini qorumaq üçün onun elementlərini UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına birgə daxil etmək üçün müraciət edəcəklər.
Azərbaycan və Türkiyə mədəniyyət və turizm nazirlərinin görüşü
Bodrumda keçirilən zirvə toplantısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Əbülfəs Qarayev tədbir çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliklə görüşüb. Görüşdə qeyd olunub ki, sammitin əsas mövzusunun turizm olması ölkə rəhbərlərinin bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir. Həmçinin iki ölkənin mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti, xüsusilə ölkələrimiz arasında əməkdaşlıq proqramının hazırlanması, UNESCO-ya birgə faylların təqdim olunması, birgə turizm işçi komissiyasının yaradılması, bu ilin noyabr ayında Bakıda keçiriləcək Türkiyə mədəniyyəti günləri və s. məsələlər müzakirə olunub.
Əbülfəs Qarayev həmkarına Türkiyənin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinə seçilməsi münasibətilə təbriklərini çatdırıb və onu Bakıya səfərə dəvət edib.
"Türk Şurası - müasir İpək Yolu"
Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti toplantısının turizm mövzusuna həsr olunması dövlət başçılarının 2013-cü ilin avqustunda Qəbələdə keçirilmiş görüşündə irəli sürülmüşdü. Ötən ilin dekabrında İstanbulda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibliyində turizm üzrə işçi qrupunun iclası keçirilmişdi.
Bu il aprelin 11-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası turizm nazirlərinin 1-ci toplantısında işçi qrupunun razılaşdırdığı fəaliyyət istiqamətləri müzakirə olunub. Bu istiqamətlər arasında "Türk Şurası - müasir İpək Yolu" layihəsinin xüsusi əhəmiyyəti vurğulanıb və müvafiq fəaliyyəti həyata keçirmək üçün təşkilat çərçivəsində xüsusi qrupun yaradılmasına qərar verilib. Qrup "Türk Şurası - müasir İpək Yolu" ortaq turizm marşrutunun müəyyən edilməsi üçün 2015-ci ildə üzv ölkələrə səfərlər edəcək. İclasın sonunda üzv ölkələr arasında turizm sahəsində “Birgə əməkdaşlıq protokolu” imzalanıb. Sənəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 4-cü zirvə görüşünə təqdim olunub.
Onu da qeyd edək ki, türkdilli dövlətlərin turizm nazirlərinin 2015-ci ildə 2-ci toplantısı Azərbaycanda keçiriləcək.