Azərbaycan Turizm Bürosunun iştirakı ilə sentyabrın 25-26-da Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “Kingdom Business & Luxury Travel Congress” tədbirində Azərbaycanın işgüzar turizm potensialı tanıdılıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, konqresdə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) “gümüş tərəfdaş” statusunda təmsil edib.
Səudiyyə Ərəbistanının işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssislər və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.
“Kingdom Business & Luxury Travel Congress” tədbirində iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin ölkə tərəfindən tədqiqat fəaliyyətlərini genişləndirmək kimi məsələlər daxildir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Səudiyyə Ərəbistanından Azərbaycana ümumilikdə 76 min 861 nəfər səfər edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31 faizdən çoxdur.