Azərbaycan Turizm İnstitutu (ATİ) ölkəmizdə bu sahə üzrə yeganə ixtisaslaşmış ali təhsil ocağı olmaqla yanaşı, tədris prosesinin müasir tələblərə uyğun təşkilinə, beynəlxalq əlaqələrə xüsusi diqqət ayırması ilə də fərqlənir. Bu il ATİ artıq 5-ci məzun buraxılışına hazırlaşır. Bununla bağlı məlumat almaq üçün institutun prorektoru Eldar Aslanovla söhbətləşdik. Həmsöhbətim əvvəlcə dövlət imtahanları haqqında məlumat verdi:

- Azərbaycan Turizm İnstitutunda hazırda 11 ixtisas üzrə bakalavr, 12 ixtisas üzrə peşə, 15 ixtisas üzrə magistr və doktorantura mərhələlərində 2300 nəfər təhsil alır. 2013-2014-cü təhsil ilini yekunlaşdırmaq üzrəyik. Bakalavrların yekun dövlət attestasiyası keçirilir. İyunun 2-də turizm və hotelçilik, 3-də biznes idarəçiliyi, 4-də xidmət mühəndisliyinin bakalavr mərhələsində oxuyanların yazılı imtahanları oldu. Həmin ixtisaslar üzrə tələbələrin diplom müdafiəsi ayın 7-də başa çatacaq. Gələn həftə magistrlərin müdafiəsini planlaşdırırıq. İyulun əvvəlində isə ənənəvi məzun-buraxılış mərasimi keçiriləcək.

- Turizm İnstitutunun Avstriyanın Krems Univesiteti ilə əməkdaşlığı əsasında hər il tələbələrin bir qismi eyni zamanda bu təhsil ocağının diplomunu alır. Bu il neçə nəfərin belə şansı var?
- Hələlik neçə nəfərin diplom alacağını dəqiq söyləmək mümkün deyil. Çünki Bolonya prosesinə görə tələbələr topladıqları kreditləri təsdiq edən sənədləri verdiyi təqdirdə yekun dövlət imtahanına buraxılırlar. Amma yekun dövlət attestasiyasına 4 illik təhsilini uğurla tamamlayıb buraxılanların sayı 220 nəfərdən çoxdur. Bura əvvəlki ildə dövlət imtahanından kəsilmiş tələbələri də əlavə etdikdə, bu rəqəmin dəyişəcəyi gözlənilir. Həmin tələbələrin 3 dəfə dövlət imtahanına girmək hüququ var. Ona görə də yekun rəqəmləri biz iyunun 10-dan sonra açıqlaya biləcəyik.
Krems qrupundan neçə nəfərin məzun olacağını da indilik dəqiq demək mümkün deyil. Krems Universitetinin rektoru Eva Vaqner gəlib imtahanları komissiya ilə götürür. Xanım Vaqner iyulun əvvəllərində gələcək. ATİ-nin milli qrupunun diplomunu ala bilməyən tələbələr Krems imtahanlarına da buraxılmır. Bu il Krems qrupunda təhsil alan tələbələrimizin sayı əvvəlki illərə nisbətən bir qədər çoxdur. 30 nəfərə yaxın belə tələbəmiz var. Onlardan neçəsinin diplom alacağı imtahanlardan sonra bəlli olacaq.

- Bildiyimizə görə, tələbələr dövlət imtahanını dekabrda da verə bilərlər...
- Yekun Dövlət Attestasiyası haqqında əsasnaməyə görə, tələbələr təhsil aldıqları ixtisas üzrə kreditləri topladıqdan sonra dörd il ərzində 3 dəfə təkrar dövlət imtahanına buraxıla bilərlər. Üçüncü dəfə də dövlət imtahanından kəsilən tələbə diplom ala bilmir. ATİ-nin tarixində indiyədək 8 nəfər tələbə nəticə əldə edə bilməyib. Onlara natamam ali təhsil haqqında arayış verilib. Bolonya prosesinin tələblərinə əsasən, yekun dövlət attestasiyası, sovet dövründə olduğu kimi, yalnız yay aylarında deyil, ildə iki dəfə ola bilər. Hər il iyul ayında yekun dövlət attestasiyasını edirik. Burda daha çox tələbə iştirak edir. Kimlər ki, kəsilir, yaxud imtahana hələ özünü hazır görmür, dekabrda və ya növbəti ildə dövlət attestasiyasında iştirak edə bilir.

- Yazılı imtahan və yaxud buraxılış işi yazmaq hansı qaydalarla tənzimlənir?
- Qaydalara müvafiq olaraq qiymətləri əla və yaxşı olan, ixtisas qiymətləri isə əla olan tələbələrə ali məktəbin fakültə elmi şurasının qərarı ilə buraxılış işi yazmağa icazə verilir. Bu tələbələr dövlət imtahanını hansı formada verəcəyini özləri müəyyənləşdirirlər. ATİ-də ixtisasdan ümumi qiymətlərinin ortalaması 71-in, ixtisas fənlərindən isə 81-in üzərində olan tələbələr yekun buraxılış işi yazırlar, onlar yalnız dil imtahanında iştirak edirlər. Belə tələbələrimizin sayı bu il 3 fakültə üzrə 30 nəfərə yaxındır.

- ATİ-nin Təlim Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə kurslar təşkil edilirdi. Bu kurslar hazırda davam edirmi?
- Kurslarımız davam edir. Hazırda «Delta» şirkəti ilə birgə təşkil etdiyimiz Amadeus, bələdçi, turoperator-turagent və ön büro və hotel qeydiyyatçısı istiqamətləri üzrə kurslarımız fəaliyyət göstərir. Bu kursların nəticələrini hər dəfə xüsusi komissiya yoxlayır. Bizim digər bir təlim-tədris mərkəzimiz də Mədəniyyət və Turizm Nazirliyi və BMT İnkişaf Proqramının (BMTİP) «Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi» layihəsi çərçivəsində fəaliyyət göstərir. Burada da müxtəlif istiqamətlər üzrə qısamüddətli kurslar təşkil olunur.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar