“Zamanında çoxlarının həsəd apardığı qəhrəman obrazlarım olub. Sevinirəm ki, onda da, indi də hörmət, sevgi görmüşəm...”

 

Yeni rubrikanın simaları səhnədə və ekranda ön planda, baş rolda oynamasalar da, Azərbaycan teatr və kino sənətində özünəməxsus iz qoymuş sənət xadimləri olacaq. Müsahibə və portret yazılarda onları ön plana çıxaracaq, sənətə həsr etdikləri ömürlərinə nəzər salacağıq.

“Ömrə etibar yoxdur” deyə-deyə yaşayır, yaşlanırıq. Amma həyat sevgimiz, ümidlərimiz, bütün çətinliklərə rəğmən mübarizə əzmimiz tükənmir. Niyə? Etibarsız dediyimiz dünyada özümüzdən sonra iz qoymaq üçün. Bu məqam haqında düşünəndə ilk ağlıma gələn sənət adamları olur. Hərdən inkar etsələr də, onların çoxunun, məncə, mütləq əksəriyyətinin həyat devizi məhz budur: yaddaşlarda qalmaq.

Görüşünə həvəslə getdiyim zərif qadın, maraqlı insan və istedadlı aktrisa Qəmər Məmmədova ilə söhbətimizdə bu nüans hərəkətverici amil oldu.

Qısa təqdimat üçün deyim ki, Qəmər Məmmədova 10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975–79-cu illərdə Şəki Dövlət Dram Teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdindəki “Tədris” teatrında çalışıb. 1983-cü ildə Şəki teatrına qayıdıb. 2002-ci ildən yenə paytaxtda, Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb. 2009-cu ildə bu teatr Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına birləşdirilib. O vaxtdan bu teatrın aktrisasıdır. ADMİU-da müəllim kimi də çalışıb, bir müddət kafedra müdiri olub. 2000-ci ildə “Əməkdar artist”, 2013-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb.

 

– Bu da əlahəzrət 70. Daha çox inanırsız, yoxsa inandırırsız?

– (Gülür) Düzü, nə inanmıram, nə də inandırmıram. Heç siz də üzərində çox dayanmayın. Çünki duyğularım da, düşüncələrim də 25 yaşındadır. Amma zaman da özünü göstərir, yaş da.

 

– Yəqin ömür tez keçdi?

– Vallah, vərəqləyəndə hərdən düşünürsən ki, yox, nə qədər hadisələr, acılı-şirinli günlər, həyatımda dönüş nöqtəsi dediyim məqamlar çox olub. Amma yenə də tez keçdi. Lap göz qırpımında.

 

– Sənət yolunuz fasiləsiz oldu. Sizi Şəkiyə aparan yoldan başlayaq.

– Rəhmətlik Hüseynağa Atakişiyev mənim tələbə yoldaşım idi. Bir kursda oxumuşuq. Həmin kursu bitirənlər, demək olar ki, hamımız Şəkiyə getdik. Məni səhnə danışığından dərs demək üçün universitetdə saxlamaq istəyirdilər. Amma qalmadım. Ümumən bu, çox gözəl ənənə idi. Bölgə teatrlarının yenidən qurulması üçün ən yaxşı üsul. Beləliklə, mən də Şəkiyə getdim. Çünki mənə səhnə lazım idi. İllər sonra ADMİU-ya qayıtdım və anladım ki, zamanında düz edib teatra getmişəm.

 

– Niyə, pedaqoqluq böyük sənətə mane olur?

– O da var. Amma prosesdə, səhnədə olmalısan. Qısacası, aktyor teatrda formalaşır.

 

– Deməli, Şəki teatr mühitində öyrəndikləriniz də çox olub...

– Əlbəttə. Hərçənd oradakı truppa, demək olar ki, elə bizdən ibarət idi. Qalanların əksəriyyəti həvəskarlar idi. Amma yenə də bu teatr mənə çox şey öyrətdi. Sanki teatrı öz əllərimizlə qurduq. Həmin özül o qədər möhkəm quruldu ki, indi də orada o təməl prinsiplərə xidmət davam edir.

 

– Kim idi o özülün banisi?

– Rəhmətlik Vaqif Abbasov və Hüseynağa Atakişiyev. Hər ikisi o teatr üçün nəhəng simalar idi. Mənim oradan getməyim, bayaq dediyiniz qısa fasilə də bura – Bakıya gəlib “Tədris” teatrında çalışmağımla bağlı oldu.

 

– Maraqlıdır, mən də elə bildim ailə qurduqdan sonra teatrdan müvəqqəti uzaqlaşmısınız.

– Yox, rəhmətlik həyat yoldaşım sənətimə mane olmadı. Sənəti sevirdi. Hətta övladım çox körpə olanda da səhnədən qopmadım. Belə bir temp vardı onda. Özü də təkcə məndə yox, elə truppanın hamısında.

 

– Onda bu get-gəl nə ilə bağlı idi?

– Mən bir az başqa xasiyyətdəyəm. Nəyəsə öyrəşəndə çətin ayrılıram. Bura gəldim, yaxşı da işləyirdim. Rəhmətlik Vaqif İbrahimoğlu idi rejissorumuz. Yaxşı rollarım vardı. Mən danışıram 70-ci illərin sonları, 80-ci illərin əvvəllərindən. Sonra gördüm ki, yox, mən qayıtmalıyam.

 

– Kim çağırdı sizi ora?

– Ürəyim (gülür). Özüm burada olsam da ruhum Şəkidə qalmışdı. Özümü narahat hiss etdim və ora qayıdaraq yenidən daxili səadətimi tapdım.

 

– Deyəsən, elə indi də ürəyiniz Şəki teatrındadır.

– Hə, vallah. Mən heç gəlməzdim də. Sadəcə, oğluma görə seçim etmək məcburiyyəti yarandı. 1996-cı ildə yoldaşım dünyasını dəyişdi. Birinci Qarabağ müharibəsi iştirakçısı idi. Savaşın fiziki və mənəvi yaraları ilə uzun yaşaya bilmədi. Oğlum idmanı seçdi. Bir gün Şəkidəki müəllimləri oğlumun Bakıdakı basketbol yığma komandasına seçildiyi xəbərini verdilər. Onların israrı ilə oğlumu bura göndərdim. Bir il bacım evində qaldı. Gördüm ki, yox, ondan ayrı da çətindir. Könülsüz də olsa, Bakıya qayıtdım. Uzun illər kirayədə qaldım. Ana-bala baş-başa verib yaşadıq. Oğlum böyüdü, sahəsində nailiyyətlər əldə etdi. Ötən ay məşqçisi olduğu komanda çempion oldu və beləcə, Fərid Əmirovun anası olaraq məni daim qürurlandırdı.

 

– Öz eviniz də oldu?

– Oldu, sağ olsun dövlət başçısı, bizə ev də verdi.

 

– “Əməkdar artist” fəxri adınızın vardı. Bir də Əməkdar incəsənət xadimi ilə təltif olundunuz. Təltif baxımından diqqətdə olmusunuz.

– Sağ olsunlar, zəhmətimi unutmayıblar. İkinci fəxri adı ADMİU-nun 90 illiyində aldım. Fəal müəllim, kafedra müdiri kimi təltif olundum. Mən az qala işdə yatıb qalan adamdım. Universitetə səhər girdiyimi görürdülər, bir də axşam çıxırdım. Təbiətim belədir. Nə iş görürəmsə, ona dəlicəsinə bağlanıram və ən yaxşısına çalışıram.

 

– Amma arxa planda qalmağı sevirsiniz. Ya da mənə elə gəlir. Haqqınızda dövri mətbuatda bir yazıya, müsahibəyə rast gəlmədim.

– Doğru araşdırmısınız. Yoxdur. Deyəsən, bu barədə özüm tənbələm (gülür). Teatrşünasların, jurnalistlərin diqqətini cəlb etmək üçün canfəşanlıq mənə yaddır. Nə bilim, həmişə “İşlə, Qəmər, görən görəcək, istəməyən görməyəcək” demişəm. Amma indi baxıram ki, düz deyirsiz. “Özləri görürlər də” dediyim məsələdə yanıldım. İndi də yaş o yaş deyil. Mən prosesi çox sevmişəm, səhərdən axşamadək teatrda olmuşam. Oğlum kulisdə, qrim otağında, geyim sexində böyüyüb. Axı teatr mənsiz ölərdi.

 

– Elə hesab edirdiniz, yoxsa elə idi?

– Məncə, elə idi. Çünki bütün qəhrəmanlar mənim idi. Bilirsiniz, truppanın əsas rol ifaçısı olmaq həm də çətin idi. Amma yorulmurdum. Orada yaxşı teatr mühiti vardı. Elə indi də. Təəssüf ki, yeni nəsil getmir, onlar da həvəskarların ümidinə qalıblar əsasən. Elə pis oluram ki. Axı orada da tamaşaçı, sənət mühiti var. İndi bölgə teatrlarına getmək istəməyən gənclər şəraitdən gileylənirlər. O da zamanla düzələr. Elə bilirsiniz, bizlər gedəndə hər şey əla idi. Əziz gənclər, gedin, özünüzü orada sınayın. Nə bilmək olar, bəlkə müvəqqəti gedişiniz daimi olar, qalar, sevərsiniz bölgə teatrlarını. Arada məcburi təyinatın ləğv olunmasına görə çox təəssüflənirəm. Belə başa düşürəm ki, bölgə teatrlarının dirçəlməsi üçün bu metoda qayıdılmalıdır.

 

– Sizin aktyor potensialınızı daha çox hansı rejissor üzə çıxardı?

– Elə Hüseynağa Atakişiyev, bir də rəhmətlik Mərdan Feyzullayev. Biz, ümumiyyətlə, teatr tərbiyəsi almış nəsil kimi peşəkar və ya həvəskar bölgüsü etməmişik. Rejissorlara etibar edərək, ümumi işin ən yaxşı səviyyədə ərsəyə gəlməsi üçün hər zaman əlimizdən gələni etmişik.

 

– Nə idi o teatr tərbiyəsi?

– Fədailik, məsuliyyət, sənətə sədaqət. Başını aşağı salıb işinlə məşğul olmaq, sözbazlığa baş qoşmadan çalışmaqdır.

 

–  Aldığınız sənət tərbiyəsindən çıxış edərək soruşuram: prosesə baxanda indi yaradıcı potensial zəifdir, yoxsa maddi-texniki baza?

– Fədailik çatışmır. Çünki dağınıqlıq çoxdur. İndi  kimisə qınamaq da olmur. Qısacası, öyrənmək, öyrətmək istənilən zaman, nəsil getdi, yoxdur!

 

– Bu sizi yormur?

– Kədərləndirir, həvəsi azaldır. Amma heç nə də edə bilmirəm. Əslində, indi həyatın öz səhnəsində dağınıqlıq o qədər artıb ki, bu səhnəyə də sirayət edib.

 

– Bu sənət həm də ona görə çətindir ki, sən mütləq şəkildə özünü isbat etməlisən. İsbat üçün 70 il bəs deyil?

– Gəlin, sizə düzünü deyim də. Mən artıq heç kimə heç nəyi isbat eləmək istəmirəm. Nə, necə eləmişəmsə, eləmişəm artıq.

 

– Aktrisa kimi sizin üçün rejissorun savadı, istedadı, eləcə də texniki imkanlar nə dərəcədə vacibdir və bu meyarlara adekvat olmayanlarla məşq çətin olur?

– Özü də necə (gülür). Çətin sual oldu. Bəzən peşəkar aktyorsunuz, obraza özünüz yol tapın deyirlər. Amma bu, belə olmamalıdır. Rejissor xətti, aktyorun ifadəsində rejissorun işi görünmürsə, burada tamamlanmış işdən danışmaq çətindir. Aktyor oyununu analiz edəndən sonra daim nə deyirlər? “Rejissor tablosu yaxşı tamamlanıb”. Bunu aktyor yox, məhz rejissor müəyyən edir.

 

– Deməli, siz də rol böhranı yaşamışınız?

– Bəli. O zamanlarda məni universitet xilas elədi. Başım orada qarışdı. Yoxsa bu böhran məni çox dərinə aparardı. Ola bilər bu da mənim günahımdır. Universitetdə yox, bütünlükdə teatrda qalsaydım rejissorların diqqət mərkəzində olardım, çox rollar oynayardım.

 

– Yəni kütləvi tamaşaçının sizi tanımamağının bir günahı da öz boynunuzdadır.

– Olsun elə. Amma bununla da tam razı deyiləm. Axı kütləvi tamaşaçı bizi televiziyadan tanıyır. Yadınıza salın, teatrda elə nəhəng aktyorlar olub ki, kinoya, teletamaşalara çəkilməyiblər deyə, tanınmayıblar. Amma indi adi serialda oynayan, hansısa aidiyyəti olmayan sosial verilişdə belə iştirak edən “tanınır”. Mənə elə tanınmaq da lazım deyil.

 

–  Seriallara getmirsiniz?

– Xeyr. Amma “O dünyadan salam”, “Həm ziyarət, həm ticarət”, “Yalan”, “Cavad xan” filmlərində çəkilmişəm.

 

– Son olaraq teatrda sizi “Kod adı – V.X.A” tamaşasında Umgülsüm Sadıqzadə rolunda görmüşəm...

– “Tanrıya 14 məktub”da Roza nənə, “Leyli və Məcnun”da Qarı, “Şeyx Sənan”da Nina, “Oqtay Eloğlu”da Gülgəz kimi və bunlardan da savayı çoxlu rollarım var. Rejissorlarımız hansı rolu verirlərsə, sevə-sevə oynayıram.

 

– Qəmər xanım, bir vaxtların birinci plan oyunundan arxa plana keçid sizi incitmir?

– Ağrıdır (kövrəlir, bir az pauza verir, sonra qəhərini qovmaq üçün gülür. Bu an hiss edirəm ki, o, iki ovqat arasında da oynamır. Necə varsa, özüdür. Nəhayət, bütün söhbət boyu olduğundan daha nikbin ovqata köklənib davam edir)... Eh, heç bilmirəm bunların hamısını qəzetdə verərsiniz, yoxsa yox. Gəlin, yaxşı şeyləri yazaq və bu da “mənim günahımdır” deyib keçək. Hə-hə, mənim günahım. Mübarizə aparmıram, rol davası etmirəm. İşləmək istəyirəm, amma özünü ortaya atmıram. Heç vaxt “mən-mən” demirəm. Deyə bilmirəm. Ən əsası, baş rol nisgilim yoxdur. Zamanında çoxlarının həsəd apardığı qəhrəman obrazlarım olub. Sevinirəm ki, onda da, indi də, orada da, burada da daim hörmət, sevgi görmüşəm...

Söhbətləşdi: Həmidə Nizamiqızı