16-cı Üzeyir Hacıbəyli festivalının son akkordu

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının son günü də  maraqlı konsertlə yadda qaldı. Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında ABŞ-də yaşayan soydaşımız – pianoçu, musiqişünas Nərgiz Əliyarovanın rəhbərlik etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti (National Music & Global Culture Society) tərəfindən keçirilmiş IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti oldu.

Qeyd edək ki, müsabiqənin rəhbəri professor Nərgiz Əliyarova qalibləri sentyabrın 18-də, Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Günündə elan etmişdi. Amerikalı bəstəkar Kian Ravai müsabiqənin qalibi olub. 2-ci yeri Ceyhun Allahverdiyev (Azərbaycan), 3-cü yeri Xuanxo Villaroya (İspaniya) tutub. Bundan əlavə, Kozimo Bombardyeri (İtaliya), Sina Cafarikia (İran), Maykl Tan (Kanada), Ben Yi-Paulson (ABŞ), Rüfət Xəlilov (Azərbaycan), Cared Destro (ABŞ), Braça Bdil (İsrail) müsabiqənin diplomlarına layiq görülüblər.

Müsabiqənin münsiflər heyətində Nyu-Yorkdakı Culyard Məktəbi Bəstəkarlıq kafedrasının müdiri Melinda Vaqner (sədr), Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi Cəlal Abbasov, Şimali Texas Universiteti Musiqi kompozisiyası kafedrasının dosenti Sunci Qonq yer alıblar. Bu il müsabiqədə 22 ölkənin nümayəndəsi iştirak edib.

Nərgiz Əliyarova bildirib ki, budəfəki müsabiqə Azərbaycan xalq mahnılarına həsr olunub. Məqsəd plagiata məruz qalmış xalq mahnılarımızın Azərbaycan mədəniyyətinə məxsusluğunun dünya musiqi ictimaiyyətinə çatdırılması və təbliğidir. Müsabiqənin rəhbəri layihəyə dəstək verdiyi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə, eləcə də laureatların əsərlərinin Üzeyir Hacıbəyli festivalı çərçivəsində təqdimatına şərait yaratdığına görə Mədəniyyət Nazirliyinə təşəkkür edib.

Onu da əlavə edək ki, müsabiqənin qala-konserti noyabrın 8-də Nyu-York şəhərində, Linkoln Mərkəzində olacaq.

Üzeyir Hacıbəyli festivalındakı konsertdən öncə çıxış edən müsabiqənin münsiflər heyətinin üzvü Cəlal Abbasovun qeyd etdiyi kimi, müsabiqə bu dəfə də yeni adların kəşfi, artıq tanınan adların istedadının yeni tərəflərinin üzə çıxması baxımından əlamətdar sənət hadisəsinə çevrilib.

Konsert proqramının birinci hissəsi sözügedən müsabiqənin qalib bəstəkarların əsərlərinin ifası, ikinci hissəsi isə bəstəkar və xalq musiqi yaradıcılığı nümunələrinin təqdimatından ibarət idi.

Əvvəlcə müsabiqənin 3-cüsü ispaniyalı musiqiçi Xuanxo Villarroyanın “Sevgilimin bağçası” əsərini “Cadenza” orkestrinin (bədii rəhbər Türkər Qasımzadə) üzvləri – klarnetdə Məhəmmədəli Paşazadə, pianoda Afaq Qarayeva və çelloda Georgi İmanov ifa etdilər. Əsər qədərində ehtiraslı və həzinliyi ilə musiqisevərlərdə xoş təəssürat oyatdı.

İkinci yer laureatı Ceyhun Allahverdiyevin “Rəqs” fantaziyası təkrarsız Azərbaycan rəqs musiqisinin yeni gözəl ritmlər tablosunu yaratdı. Əsəri pianoda Afaq Qarayeva, violində Nadir Eyvazov və Aynur Əhədova, violada İlqar Rzayev, çelloda Asim Xəlilov şövq və ustalıqla ifa etdilər.

Müsabiqənin birinci yer laureatı amerikalı bəstəkar Kian Ravainin “Sarı gəlin və çöl ağacının çiçəyi” əsərini violonçeldə Georgi İmanovun və pianoda Afaq Qarayevanın müşayiəti ilə Əməkdar artist Fəridə Məmmədova ifa etdi. İstedadlı vokalçı növbəti dəfə müstəsna səs və ifa imkanları, artistizm keyfiyyətləri ilə heyrətləndirməyi bacardı.

“Sarı gəlin və çöl ağacı çiçəyi” əsəri növbəli şəkildə Azərbaycan və ingilis dillərində yazılıb. Əsərin hər iki dildə olan hissələri təsir qüvvəsinə görə biri digərinə uduzmadı. Bu isə bəstəkarın musiqimizə bələdliyi, ehtiramı, məsuliyyəti və istedadından xəbər verir. Bu cəhətlərə ifaçıların da müvafiq yanaşmaları əlavə ediləndə “Sarı gəlin” amerikasayağı ingiliscə mətn və musiqi daxilində ecazkarlığını yeniləmiş oldu.

Konsertin ikinci hissəsində “Bayatı-Şiraz” təsniflərini Vəfa Vəzirova səliqə və özünəməxsus ustalıqla ifa etdi. Orxan Əlizadənin ifasında sözləri Xan Şuşinskiyə aid olan “Şuşanın dağları” mahnısı, pianoçu Aytən Şahbazlının ifasında Hacıbaba Əliyevin iki prelüdü, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupunun təqdimatında “Basma-basma tağları”, “Bağa girdim üzümə”, “Girdim yarın bağçasına” Azərbaycan xalq mahnıları ifa olundu.

İfalar başa çatandan sonra  bir-birilə təəssüratını bölüşən dinləyicilər arasında konsertin belə tez bitməsinə heyfsilənənlər az deyildi...

Samirə Behbudqızı