Parkın ərazisində ekoturizmin inkişafı təmin edilir
Şahdağ Milli Parkı nəinki Azərbaycanda, ümumilikdə Cənubi Qafqazda ən böyük əraziyə malikdir və geniş dağ-meşə landşaftını özündə birləşdirir. Ölkə Prezidentinin 8 dekabr 2006-cı il tarixli sərəncamına əsasən yaradılan milli parkın unikal təbiəti, xüsusən dağlıq əraziləri və yüksək zirvələri istər yerli, istərsə də xarici turistlərin diqqətini çəkir.
Parkın direktoru Arzu Mustafayevin sözlərinə görə, burada ekoturizmin inkişafını təmin etmək üçün yaxşı imkanlar var. Onları realizə etmək üçün bir sıra normativ-hüquqi məsələlərin həlli vacibdir. Ötən müddətdə «Azərbaycan Respublikasının milli parklarında ekoturizm fəaliyyətinin təşkili, mövcud problemlər və inkişaf perspektivlərinə dair Milli Konsepsiya», «Milli parkların ərazisində ekoturizm xidmətlərinin göstərilməsinə dair Təlimat», «Milli parkların yüksək dağlıq ərazilərinə turistlərin giriş-çıxışının tənzimlənməsi və onlara bələdçi xidmətinin göstərilməsi Qaydaları» və digər sənədlər hazırlanaraq, müvafiq qaydada təsdiq olunub.
Arzu Mustafayev onu da qeyd edib ki, Şahdağ Milli Parkı üçün təbiətin mühafizəsi dağ turizminin inkişafı ilə müqayisədə daha prioritet məsələdir: «Ümumilikdə milli parklar turizm fəaliyyəti göstərən qurumdan daha çox təbiəti mühafizə təşkilatlarıdır. Bu idarələrin yaradılmasında və idarə olunmasında başlıca məqsəd təhlükə altında olan, xüsusi həssaslığı ilə seçilən ekosistemlərin mühafizəsidir. Bütün bunlar isə sonda təbii ki, təbiətə ziyan vurmadan davamlı turizm fəaliyyəti üçün mövcud olan şəraitdən planlı və elmi cəhətdən əsaslandırılmış formada faydalanmağı zəruri edir.