Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Rusiyanın biznes turizmi təmsilçilərini ölkəmizin turizm potensialı və investisiya imkanları ilə tanış edib.

Rusiyanın MİCE (biznes turizmi) sektorunu təmsil edən 12 şirkət və korporativ müştərilər bu məqsədlə paytaxtımıza dəvət olunub.
Azərbaycan Konqreslər Bürosu və onun tərəfdaşları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəvət olunan Rusiya nümayəndələrini ölkəmizin bu sahədə imkan və təcrübəsi ilə yaxından tanış etmək üçün xüsusi tədbirlər təşkil edib. Tədbirlərdə qonaqlar toy adət-ənənələrimiz, milli mətbəximizin ləziz təamlarından olan qutabın bişirilmə qaydası ilə tanış olub, həmçinin karvansarayda yerli musiqiçilərimizin ifasına qulaq asıblar. Bakı buxtasında təşkil olunan gəmi gəzintisi isə qonaqlara şəhərin ecazkar gözəlliyini görməyə imkan verib.
Qeyd edək ki, tədbir iştirakçılarının hərtərəfli məlumatlandırılması ölkəmizin turizm sahəsinə yeni sərmayəçilər cəlb etməyə və ölkəmizin biznes turizmi potensialını daha yaxşı tanıtmağa imkan yaradacaq. Azərbaycan Konqreslər Bürosu və onun tərəfdaşları bu qəbildən olan tədbirlərin təşkilində fəal iştirak edir və Azərbaycanın turizm mərkəzi kimi təşviqi üçün səylərini əsirgəmir.

* * *
İyunun 9-da “JW Marriott Absheron” hotelində Azərbaycan Konqreslər Bürosu və “P&P Travel Marketing” şirkəti büroya üzv olan hotel və şirkətlər üçün treninq təşkil edib. Treninqdə diqqət Rusiyanın biznes turizmi bazarına cəmlənib, rusiyalı korporativ müştəri profilinin və bazarın əsas oyunçularının müəyyənləşdirilməsi kimi nəzəri məsələlər, eləcə də təklif üçün sorğuların (Request for Proposal) həyata keçirilməsinin ən yaxşı təcrübələri müzakirə edilib, praktik məsələlər, təklif üçün sorğularla işləmə, vaxtın idarə olunması və s. nəzərdən keçirilib.
Tədbirin mühüm tərəflərindən biri də Rusiya və MDB ölkələrinin Azərbaycan biznes turizmi sənayesi üçün hədəf bazarlar olmasıdır. Azərbaycan Konqreslər Bürosu Rusiyanın MİCE agentliklərindən müraciətlər qəbul edir. Keçirilən təlimlər Azərbaycana olan marağı daha da artıracaq.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar