Oktyabrın 2-də Hüseyn Cavidin Ev-Muzeyində mütəfəkkir ədibin qızı Əməkdar mədəniyyət işçisi, görkəmli muzeyşünas, teatrşünas Turan Cavidin (1923–2004) anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Muzeyin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qeyd edib ki, əgər böyük Cavid özündən sonra Azərbaycan ədəbiyyatını son dərəcə zənginləşdirən ölməz əsərlər qoyub getdisə, Turan xanım da bu əsərlərin son mükəmməl nəşrini hazırlayıb öz xalqına təhvil verdi. Onun illər boyu üzərində zəhmət çəkərək araya-ərsəyə gətirdiyi “əsər”lərdən biri də Hüseyn Cavidin Bakıdakı ev-muzeyidir. Turan xanım Cavid irsinin böyük himayəçisi Ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və bir rəhbər kimi qayğısı nəticəsində bu muzeyi yaradaraq cavidsevərlərin ixtiyarına verdi.
Turan Cavidin anadan olmasının 101-ci ildönümü münasibətilə muzeydə mühafizə edilən materiallar əsasında sərgi də tərtib olunub.