Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının əksər konsertlərinə ev sahibliyi etmiş M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın bağlanışı da sənətsevərlərə xoş təəssürat bəxş edib.
Əməkdar artist Əyyub Quliyevin dirijor pultu arxasında olduğu konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər – Xalq artisti Murad Adıgözəlzadə (piano), Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Dmitri Sitkovetski (violin, Böyük Britaniya) öz bənzərsiz ifaları ilə sürəkli alqışlar qazanıblar.
Proqramda P.İ.Çaykovskinin “Romeo və Cülyetta” uvertüra-fantaziyası, E.Korngoldun “Violin və orkestr üçün konsert D dur op.35” (Bakıda ilk ifa), F.Mendelsonun “Violin, piano və simli orkestr üçün ikili konsert d moll” əsərləri, Q.Qarayevin “Yeddi gözəl” baletindən “Adagio” və “Vals” (violin, piano və orkestr üçün işlənmə) səsləndirilib.