Nabranda yerləşən mərkəz mövsümü bir sıra yeniliklərlə açır
İyunun 5-də «New Baku» hotelində Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən «Malibu» istirahət mərkəzinin təqdimat mərasimi keçirildi.
Tədbirdə çıxış edən «Malibu» istirahət mərkəzinin direktoru Cihan Ateşgöz bildirdi ki, ötən mövsümlərdən fərqli olaraq, bu il mərkəzin menecmenti dəyişib. İndi mərkəzdə azərbaycanlı və türkiyəli kadrlardan ibarət daha peşəkar heyət çalışır. Direktorun sözlərinə görə, müştərilər bu yeniliyi həm xidmətlərin keyfiyyətində, həm də qiymətlərdə hiss edəcəklər: “İstirahət mərkəzini iki aydır icarəyə götürmüşük. Artıq bir sıra təmir işləri aparılıb, xidməti təkmilləşdirmişik. Obyekt işlətdikcə, qonaqlarımızın digər tələbatlarını da öyrənməyə çalışacaq və işlərimizi bu yöndə quracağıq”.
«Malibu» istirahət mərkəzinin Bakı ofisinin rəhbəri Tərlan Quliyev qeyd etdi ki, mərkəzdə tətbiq edilən çeşidli xidmətlərlə bölgə turizminə yeniliklər gətirmək niyyətləri var. Mərkəzdə dörd məhəllədə 2, 4, 6 və 8 nəfərlik 50 kottec var, burada gündə 280 nəfər qonaq qala bilər. Kotteclərdə turistlərin istirahəti üçün hər bir şərait yaradılıb.
İstirahət mərkəzində üç hovuz (ikisi böyüklər, biri uşaqlar üçün), tennis, futbol meydançaları var. Bütün ərazi Wi-Fi internet imkanı ilə təmin olunub. Növbəti mövsümdən burada yeni attraksionlar da quraşdırılacaq.
Tərlan Quliyevin sözlərinə görə, ailəvi istirahət üçün nəzərdə tutulan mərkəzdə gün boyu animasiya qrupu fəaliyyət göstərir: «Onlar müxtəlif əyləncəli proqramlar təşkil edirlər və uşaqları gün boyu əyləndirirlər. Körpələr üçün isə mərkəzdə dayələr var və valideynlər övladlarını onlara etibar edərək rahat şəkildə istirahət edə bilərlər. Balacaların hovuzda əyləncəsini də təlimçilər müşayiət edir».
T.Quliyev onu da bildirdi ki, «Malibu»da tətbiq edilən yeniliklərdən biri turistlərə «İsveç masası”nın təklif edilməsidir. Hər gün qonaqlara Azərbaycan və Türkiyə mətbəxinə aid 6 çeşiddə isti, 10 çeşiddən çox soyuq yeməklər, şirniyyat və meyvə veriləcək. Hər gün fərqli yeməklər təqdim ediləcək. Mərkəz həmçinin «Hər şey daxil» paketləri də təklif edir. Amma bu seçim istirahət etmək istəyənlərin özündən asılıdır.
İstirahət mərkəzində turistlərin təhlükəsizliyinin təmin edilməsindən danışan ofis rəhbəri qeyd etdi ki, bu məsələlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə» Dövlət Standartı ilə tənzimlənir. Bundan əlavə, mərkəzdə tibb məntəqəsi də fəaliyyət göstərir.
İyunun 21-də Türkiyənin popstarı Ebru Poladın «Malibu»da konserti olacaq. Konsertdə Ebru Poladla bərabər DJ İlkan Günüc də iştirak edəcək.
Təqdimatın sonunda iştirakçılar üçün əyləncəli oyun keçirildi və bir neçə nəfərə «Malibu»da 2 gecə/3 günlük qonaq paketi hədiyyə edildi.
Fəxriyyə Abdullayeva