Festivalda Azərbaycan mədəniyyəti də təqdim olunub

 

Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) 23-29 sentyabr tarixlərində təşkil etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” (“Long Nights of Interculturality”) festivalında Azərbaycan mədəniyyəti də təqdim olunub.

Sayca yeddinci dəfə keçirilən festival Avstriyanın ən böyük mədəni tədbirləri sırasında yer alır. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də mədəni müxtəlifliyin təbliğinə xidmət edən silsilə tədbirlərə qatılıb.

Festivalın ilk günü Azərbaycan Mədəniyyət Mərkəzində “Mədəni müxtəliflik və inklüzivlik” mövzusunda panel müzakirəsi təşkil edilib. Müzakirədə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da gender bərabərliyi və iqlim siyasəti çərçivəsində inklüzivlik məsələsinə xüsusi yer ayrılıb.

Festival çərçivəsində Vyanadakı Yunus Əmrə İnstitutunda təşkil olunmuş sərgidə 20-dən artıq ölkədən əsərlər nümayiş olunub. Sərgidə Azərbaycanın ilk süni intellekt sənətçisi “Şuşa”nın hazırladığı kəlağayılar da nümayiş olunub.

Festivalın bağlanış mərasimi isə Vyana Şəhər Bələdiyyəsində keçirilib və “Dünyanın geyimləri” adlı moda nümayişi ilə başa çatıb. Azərbaycan Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu kursunun şagirdləri milli geyimlərimizi və milli rəqslərimizi nümayiş etdiriblər.