Azərbaycanda çimərlik mövsümünə iyunun 8-dən rəsmən start verildi. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna məntəqəsində mərasim keçirilib. Fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev və nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən DSXX-nin Təbliğat-təşviqat şöbəsinin müdiri Mənsur Piriyev bildirib ki, xidmətin su hövzələrində insanların təhlükəsizliyini təmin etmək üçün 400 nəfərdən artıq şəxsi heyəti və 200-ə yaxın xilasetmə texnika və avadanlığı var.
Sektor müdiri qeyd edib ki, hazırda ölkə üzrə DSXX-nin 42 struktur bölməsi fəaliyyət göstərir: “Düzdür, ölkədə əlavə çimərliklərin də yaradılması prosesi gedir. Bizim bölmələrimiz rəsmi qeydiyyatdan keçmiş çimərliklərə nəzarət edir, amma həmin çimərliklərdən kənarda hadisələr baş verən zaman bizim ən yaxın məntəqəmizdən dərhal həmin əraziyə operativ xilasedicilər qrupu göndərilir. İnzibati məntəqələrimiz günün 24 saatı növbətçilik iş sistemi ilə fəaliyyət göstərirlər”.
Xilasetmə məntəqələri su anbarı, kanal, göl ətrafında, əksəriyyəti isə Xəzər dənizinin sahilində yerləşir. Struktur bölmələrin tərkibində «Şimal», «Cənub», «Bakı» və «Araz» adlı 4 dalğıc-axtarış qrupu var. Xilasedicilər mütəmadi olaraq beynəlxalq kurslara göndərilir, təlim-məşq toplantılarına cəlb olunur.
Fəxriyyə Abdullayeva