“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı çərçivəsində Şərqi və Mərkəzi Asiya ölkələrinin kino bazarı keçirilir. Əsas məqsəd həmin ölkələrdə kino sənayesi sahəsində fəaliyyət göstərən biznes subyektlərinin sayının artırılması, onların arasında maraqlı yeni layihələrin həyata keçirilməsidir.

Bunu Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov oktyabrın 3-də jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün kino bazarı dünyada yaradıcı sənayelərin ən inkişaf edən sahələrindən biridir: “Burada iqtisadi göstəricilər artır. Ölkəmizdə hazırda sosial-iqtisadi inkişaf strategiyasının icrası çərçivəsində yaradıcı sənayelərin inkişafı ilə bağlı olan tədbirlər, o cümlədən hədəflərdən biri kino sənayemizdə iqtisadi göstəricilərin artırılması nəzərdə tutulur. Burada həm məşğulluğun artırılması, həm də yeni biznes oyunçuların artırılması hədəf kimi qoyulur. Ona görə də hazırda bu tədbirdə bir neçə dövlət qurumunun birgə layihələr üzərində işləməsi, fikrimcə, bizə böyük ümidlər verir”.