Oktyabrın 3-də Türk Dövlətləri Təşkilatının (2021-ci ilədək Türk Şurası) əsasının qoyulmasının 15-ci ildönümü tamam oldu.

Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı üzv ölkələri təbrik edib: “Tarixi Naxçıvan Sazişi ilə əsası qoyulmuş, bir-birinə sıx tellərlə bağlı olan türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq, həmrəylik əsasında birgə əməkdaşlığa əsaslanan Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür. Bu münasibətlə ailəmiz hesab etdiyimiz Türk dünyasını birləşdirən təşkilatın bütün üzv və müşahidəçilərini ürəkdən təbrik edir, ötən 15 il ərzində daha fəal, sistematik xarakter alan TDT-nin bundan sonra da gücləndirilməsi istiqamətində birgə fəaliyyətimizdə uğurlar arzu edirik!”.

Türkiyə Xarici İşlər Nazirliyi də təbrik mesajı yayıb.

“Türk Dövlətləri Təşkilatının təsis sənədi, Naxçıvan Sazişinin 15-ci ildönümü münasibətilə bütün Türk dünyasının 3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Gününü qürurla qeyd edirik! Türk dövlətləri arasında “Dildə, fikirdə, işdə birlik!” şüarına nail olmaq üçün əzmlə çalışmağa davam edəcəyik”, – deyə mesajda vurğulanır.

Qeyd edək ki, 1992-ci ildə (29-31 oktyabr) Ankarada türkdilli ölkələrin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) prezidentlərinin ilk toplantısı ilə əsası qoyulan zirvə görüşləri formatı 2009-cu ildən sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) çevrilib. 2009-cu il oktyabrın 3-də Naxçıvan sammitində Türk Şurasının yaradılması barədə qərar qəbul edilib. Türk Şurası 2010-cu il 15-16 sentyabrda İstanbulda keçirilən sammitdə rəsmən təsis olunub.

2021-ci il noyabrın 12-də Türk Şurasının İstanbul zirvəsində qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılıb.

2018-ci ildə Macarıstan, 2021-ci ildə Türkmənistan TDT-yə müşahidəçi statusu ilə üzv olub. 2022-ci il noyabrın 11-də TDT-nin Səmərqənd sammitində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) təşkilata müşahidəçi üzv qəbul edilib.

Beləliklə, hazırda Türk Dövlətləri Təşkilatının beş qurucu üzvü (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan) və üç müşahidəçi üzvü (Türkmənistan, Macarıstan, Şimali Kipr) var.