Azərbaycanda turizm sektorunun göstəricilərini təkmilləşdirmək məqsədi daşıyan tvinninq layihəsinin yekun konfransı keçirildi
İyunun 12-də «Hyatt Regency Baku» mehmanxanasında «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi» mövzusunda tvinninq layihəsinin başa çatması münasibətilə konfrans keçirildi.
Azərbaycanda turizm sektorunun göstəricilərini təkmilləşdirmək məqsədi daşıyan layihə Avropa İttifaqının dəstəyi ilə Avstriya Federal Satınalmalar Agentliyi və Litvanın Dövlət Turizm Departamenti tərəfindən həyata keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə son illər turizm sahəsinin inkişafı, bu prosesin ayrı-ayrı mərhələlərində əldə olunan nəticələrdən söz açdı. Bildirildi ki, 2001-ci ildən 2006-cı ilədək olan birinci mərhələdə başlıca məqsəd Azərbaycanı dünyaya tanıtmaq, dünya turizmində Azərbaycan turizminin mövcudluğunu nümayiş etdirmək idi: “Buna nail olduq və Azərbaycan Dünya Turizm Təşkilatına üzv qəbul edildi”.
2006-cı ildə başlanan növbəti mərhələdə Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən, beynəlxalq qurumlarda öz sözünü deyən ölkə kimi tanındı. Ölkəmizə gələn xarici turistlərin sayı 2001-ci ildə olan 400 min nəfərdən 2 milyona yüksəldi: “Bu isə turizm sənayesinin müvafiq səviyyədə formalaşdırılması prosesini tələb edirdi. Azərbaycan Turizm İnstitutu açıldı, peşəkar kadr hazırlığı genişləndi. Bakıda və regionlarda turizm infrastrukturu quruldu və bölgələrimizə turist axını başladı. İndi regionlarda turizm mühiti çox dəyişib».
Nazir bildirdi ki, hazırda ölkəmizdə turizmin inkişafı üçüncü mərhələdədir. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi ilə bağlı layihənin həyata keçirilməsi təsadüfi deyil: “Biz Azərbaycanda turizmin inkişaf etmiş ölkə səviyyəsində olmasını arzulayırdıq. Artıq dünyadakı bütün brend hotellər Azərbaycanda fəaliyyət göstərir. Bu mərhələnin əsas məqsədi odur ki, beynəlxalq təcrübəni daha ciddi tətbiq etmək istəyirik. Ona görə də bu layihə bizim üçün çox əhəmiyyətlidir. Biz indi turizm sənayesinin nümayəndələri ilə daha yaxından işləməliyik, onun tələblərini öyrənib buna uyğun iş qurmalıyıq. Buraya qanunvericilik və müvafiq qaydaların təkmilləşməsi də daxildir”.
Qeyd olundu ki, layihədə çalışan mütəxəssislərin təcrübəsindən gələcəkdə də istifadə olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tvinninq proqramını diqqətlə oxumalı və regionlarda bu proqram tətbiq edilməlidir.
Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard layihənin vaxtında həyata keçirildiyini diqqətə çatdırdı: “Turizm sənayesi Avropa İttifaqı ölkələrinin ümumi daxili məhsulunun 5 faizindən çoxunu təşkil edir. Azərbaycan da bu sahədə böyük potensiala malik ölkədir. Layihənin həyata keçirilməsi ilə yüksək nəticələr əldə olunub. Bundan sonra da Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıq etməyə hazırıq».
Avstriyanın Azərbaycandakı səfiri Silvia Meier Kaybiç qeyd etdi ki, ölkəmizdə çalışdığı dörd ildə, demək olar ki, əksər bölgələrdə olub. Onun sözlərinə görə, respublikamızın bölgələrinin geniş turizm imkanları var və Avstriya bu sahədə uzunmüddətli təcrübəsini Azərbaycanla hər zaman bölüşməyə hazırdır.
Litvanın Azərbaycandakı səfirliyinin əməliyyatlar üzrə müşaviri Sarune Kubilliute ölkəsində turizmin yeni inkişaf etdiyini, tvinninq layihəsinin onlar üçün də çox gözəl bir başlanğıc olduğunu dedi.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov layihə çərçivəsində görülən işlər və əldə edilən nailiyyətlər barədə məlumat verdi. Bildirdi ki, büdcəsi 900 min avro olan layihə 2013-cü ilin 15 fevralından başlayıb. Layihənin icrası Azərbaycanda dövlət tərəfindən turizmin idarə edilməsi sisteminə bir sıra dəyişikliklər gətirib. Bu xüsusda nazirliyin Turizm şöbəsinin təşkilati strukturu və imkanlarının optimallaşdırılması, lisenziyalaşdırmaya dair hazırkı tənzimləyici çərçivənin təhlili və minimal lisenziyalaşdırma tələbləri üzrə tövsiyələrin verilməsi, turizm sahəsində kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün turizm fondunun yaradılması üzrə təkliflər, Litva təcrübəsi əsasında Naftalanda turizm və rekreasiya zonasının ətraflı modelinin hazırlanması və s. məqamları qeyd etmək olar. Layihə üzrə tövsiyələrin nəticəsi olaraq mehmanxana və digər yerləşdirmə növlərinə aid təklif olunmuş minimal standartlar qəbul edilib, biznes turizmi potensialının gücləndirilməsi məqsədilə nazirlik tərəfindən Azərbaycan Konqreslər Bürosu təsis edilib.
Sonra üzv dövlət tərəfindən layihənin rəhbəri Florian Sengstschmid layihənin nəticələri barədə slaydlar vasitəsilə iştirakçıları məlumatlandırdı.
Fəxriyyə Abdullayeva