«Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın müddəalarından irəli gələn vəzifələr və regionlarda turizmin inkişafı ilə bağlı Hotellər və Restoranlar Assosiasiyası tərəfindən də layihələr həyata keçirilir.
Bu günlərdə qurum «Regionlarda hotellərin və restoranların göstərdikləri müştəri xidmətlərinin təkmilləşməsinə yardım» layihəsinə start verib. Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Babazadədən aldığımız məlumata görə, layihə çərçivəsində «Keyfiyyətli xidmət uğurun əsasıdır» adlı ilk təlimlər iyunun 8-dən 10-dək Zaqatala rayonunda fəaliyyət göstərən müəssisələrin əməkdaşları üçün keçirilib.
Assosiasiyanın peşəkar təlimçiləri Rəmiş Quliyev və Seyran Qurbanov masa xidmətçiləri, qeyd-qəbul və bir sıra digər peşələr üzrə ekspress-treninqlər keçiblər. Layihədə Zaqatala Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Şöbəsi, «Çalğalıq» ailəvi istirahət mərkəzi, «İS Hotel», «Zaqatala» hoteli və Zaqatala Olimpiya Kompleksi assosiasiyaya yardımçı olublar.
Samir Babazadənin sözlərinə görə, yerlərdə təqdim edilən xidmətlərin səviyyəsinin artmasına yönəlmiş təlimlərin yay turizm mövsümü ərzində digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.
Fəxriyyə Abdullayeva