“New Baku” hotelinin baş meneceri Ceyhun Aşurov: “Müştərini ən gözəl başa düşmək üsulu özünü onun yerinə qoymaqdır”
Hazırda Azərbaycanda bir çox hotellərin baş menecerləri əcnəbilərdir və ölkəmizdə bu sahənin yeni inkişaf etdiyini, yetərli qədər peşəkar idarəçi kadrların olmadığını nəzərə alsaq, bu, ümumən anlaşılandır. Amma hotellərin rəhbərliyində yerli kadrların olması Mədəniyyət və Turizm Nazirliyinin də, turizm mütəxəssislərinin də prioritet hesab etdiyi bir məsələdir. Bu baxımdan paytaxtımızdakı «New Baku» hotelinin baş meneceri Ceyhun Aşurovla söhbətimizdə bir çox maraqlı məqamlara toxunduq.
Əvvəlcə onu qeyd edim ki, müsahibim ixtisasca iqtisadçıdır, Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Dediyinə görə, turizm sahəsində çalışacağını heç zaman fikirləşməyib:
- Universiteti bitirdikdən sonra bankda, maliyyə şöbəsində və s. yerlərdə işlədim, amma hiss etdim ki, bu işlərin heç birində özümü tapa bilmirəm. Tale elə gətirdi ki, Türkiyənin Mərmərə bölgəsində hotellərin birində işləmək üçün keçirilən bir müsabiqədə iştirak üçün təklif aldım. Müsabiqədən keçib hoteldə qeydiyyat şöbəsində işə başladım. Hotel işi çox xoşuma gəldi və anladım ki, axtardığım sahə elə budur. Bir ildən sonra Azərbaycana qayıdıb Bakıda fəaliyyət göstərən «Elit» hotelində gecə meneceri kimi işlədim. Bir müddət sonra «Empire Hotel»ə baş menecer təklifi aldım. Sonrakı mərhələlərdə Almaniyada təhsilimi davam etdirdim, dil bilgilərimi zənginləşdirdim, turizm və hotelçilik sahəsində treninqlərdə iştirak etdim. Almaniyada təhsilimi bitirib geri döndükdən sonra isə «New Baku» hotelinə baş menecer vəzifəsinə dəvət aldım və qəbul etdim.
- Azərbaycanda hotellərdə xidmət səviyyəsində problemlər bəllidir. Mədəniyyət və Turizm Nazirliyi, turizm fəaliyyəti ilə məşğul olan qurumlar bununla bağlı treninq-kurslar təşkil edir. Bir çox hallarda belə giley eşidirik ki, bəzi hotellərin rəhbərləri öz əməkdaşlarını kurslara göndərməkdən imtina edirlər. Siz necə, belə fürsətlərdən istifadə edirsinizmi?
- Biz hər zaman bu kurslarda maksimum şəkildə iştirak etməyə çalışırıq. Özü də kurslar adətən ödənişsiz olur. Azərbaycanda ildən-ilə hotellərin sayı artır, bu zaman təbii ki, rəqabət də artır. Rəqabət artdıqca keyfiyyəti istər-istəməz yüksəltmək lazım gəlir. Biz hotel sahibləri əlavə nələrsə etməliyik ki, rəqabətdə uduzmayaq. Öyrənmək məsələsində mən çox həssasam. Hər zaman hotel personalının belə təlimlərdə iştirakını təşviq edirik. Hoteldə çalışan insanın dünənki bilikləri ilə bugünkünün arasında mütləq fərq olmalıdır. Son vaxtlar bir çox təlim və seminarlarda iştirak etmişik. Digər tərəfdən, çalışırıq ki, bu təlimlərin bəziləri bizim hoteldə baş tutsun. Öyrənmək hər zaman lazımdır və bunun heç bir halda ziyanı olmaz.
- Sizcə, başqa hansı tədbirlər görülməlidir ki, hotel turistin tələblərinə tam cavab verə biləcək səviyyədə xidmət göstərə bilsin?
- Mən öz işçilərimə həmişə deyirəm ki, özünüzü gələn turistin yerinə qoyun. Siz hotel əməkdaşından necə bir xidmət gözləyirsinizsə, özünüz də elə xidmət təqdim edin. Müştərini ən gözəl başa düşmək üsulu özünü onun yerinə qoymaqdır. Onu hiss etməsək, biz hər zaman nəyisə gözdən qaçıra bilərik, nöqsanlar da ola bilər. İkinci tərəfdən, personal olaraq hər zaman öz üzərimizdə çalışmalıyıq. Hər şey düşüncə tərzimizdən asılıdır. Əgər düşüncələrimizi düzgün formalaşdırmasaq, davranışlarımızda yanlışlıq olacaq.
- Turizm sektorunda ən çox müzakirə olunan məsələlərdən biri də hotellərlə turizm şirkətlərinin əməkdaşlığıdır. Bu bir faktdır ki, turizm şirkətləri olmadan hotellərin öz məhsulunu tanıtması çətindir. Sizin turizm şirkətləri ilə əlaqələriniz hansı səviyyədədir?
- Turizm şirkətləri ilə əməkdaşlığa, təbii ki, üstünlük veririk. Onların işləri indi çox çətindir. O mənada ki, artıq internet əsridir. Əvvəllər hotelə müştərini ancaq turizm şirkətləri gətirirdilər, amma indi hotel internetə otaqlarının satışını qoyur, xidmətlərini təklif edir. Müştəri birbaşa evindən bu təklifləri ala, sifariş verə bilir. Fikrimcə, turizm şirkətləri fərqli turpaketlər hazırlayıb təqdim etməlidirlər. Məsələn, bizim hotelin saytında viza dəstəyi var. Viza üçün bizə müraciət edən müştəriləri biz əməkdaşlıq etdiyimiz turizm şirkətlərinə yönəldirik. Və yaxud qrup şəklində olan müştərilərimizin şəhər gəzintilərini turizm şirkətlərinə həvalə edirik. Əməkdaşlıq etdiyimiz turizm şirkətlərilə münasib qiymətlə anlaşmağa çalışırıq ki, onların da maraqları təmin olunsun. Əsas məsələ əməkdaşlıqda biznes etikasını qorumaqdır. Avropada buna çox böyük önəm verirlər. Mən əməkdaşlıq etdiyim tərəflərlə hər zaman «Qazan və qazandır» prinsipi ilə işləməyin tərəfdarıyam.
- Sizcə, hotellər turizm şirkətləri olmadan normal fəaliyyətlərini qura bilərlərmi?
- Turizm şirkətləri ilə əməkdaşlıq çox vacibdir. Çünki turizm məhsulunu turizm şirkətləri yaradırlar, turpaketi də onlar hazırlayırlar. Onlar həftəsonu müxtəlif ekskursiyalar, turlar təşkil edə bilərlər. Əməkdaşlıq isə ikitərəfli prosesdir. Turizm şirkətləri də öz növbəsində hotellərlə əməkdaşlığa can atmalıdır. Hər tərəf verdiyi sözə əməl etməlidir. Bəzən olur ki, hotelin müştərisinə əməkdaşlıq etdiyi turizm şirkəti şəhər turu təşkil edir. Müştəri hotelə qayıtdıqda şikayət edir ki, ona 4 saatlıq müddətə söz verilən tur cəmi 2-3 saat çəkib. Biz müştəriyə onun gözlədiyindən artıq şey verməliyik. Bax bu zaman müştəri məmnuniyyəti yaranır.
- Hotel olaraq müştərilərinizə hansı əlavə xidmətləri təklif edirsiniz?
- Qarşılama, yolasalma, hoteldə gecələmə, səhər yeməyi, günün istənilən vaxtında bileti dəyişdirmə və s. təklif etdiyimiz paketə daxildir. Müştəridən tələbat olduqda ekskursiya xidmətini də turizm şirkətləri vasitəsilə yerinə yetiririk. Turizm şirkətləri onları bələdçi ilə də təmin edir. Elə müştərilərimiz də olur ki, özü sərbəst gəzməyi sevir. Hər bir halda qonaqlarımızın arzusu nədirsə, onu edirik.
- Mədəniyyət ocaqları ilə - teatrlarla, muzeylərlə, konsert müəssisələri ilə əlaqələriniz varmı?
- Əslində mədəniyyət müəssisələri öz repertuarları barədə məlumatlar olan reklam-çap məhsullarını hotellərə təqdim etməlidirlər. Dünyada bu, artıq bir qayda olaraq tətbiq edilir. Müştəri də o reklam-çap məhsullarına baxıb gedəcəyi yeri müəyyən edir. Bizdə də bu təcrübədən yararlanmaq olar. Amma bununla kim məşğul olmalıdır: hotelmi, turizm şirkətimi, yoxsa mədəniyyət müəssisələrimi? Bu suala aydınlıq gətirilməlidir.
- Müştəriləriniz özləri konsert proqramları ilə, teatrlarla maraqlanırmı?
- İrandan olan müştərilərimiz bir çox hallarda muğam konsertləri ilə maraqlanırlar. Biz onları Beynəlxalq Muğam Mərkəzinə göndəririk, digər yerlərdə konsertlərlə bağlı soruşduqda araşdırıb məlumat veririk. Amma gündəlik repertuar olmur əlimizdə.
- Artıq bir neçə aydır Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Mədəniyyət» qəzetinin əlavəsi olan «Baku Guide» kataloqu nəşr olunur. Oradan bütün mədəniyyət müəssisələrinin repertuarını əldə edə bilərsiniz...
- Kataloqu bu günlərdə görmüşəm. Düşünürəm ki, çox əhəmiyyətli, lazımlı bir layihədir. Təbii ki, biz də bundan sonra bu nəşrdəki informasiyalardan yararlanacağıq.
- Türkiyənin əksər hotelləri «Hər şey daxil» prinsipi ilə işləyir. Siz bunu tətbiq edirsinizmi?
- Bizim qonaqların əksəriyyəti iş adamlarıdır. Onlar günorta və axşam bizdə yeyə bilmirlər. Qonaqlarımız üçün əsas vacib olan otağın rahatlığı, internetin sürəti, təhlükəsizlik və səhər yeməyinin keyfiyyətidir. Bizim seqmentimiz budur. Dəniz kənarında bir hotel olsaydıq, «Hər şey daxil» prinsipi ilə işləmək olardı. İndi bunu etsək də, tələbat olmayacaq.
- Qonaqlarınız əsasən hansı ölkələrdən gəlir?
- Rusiyadan, Türkiyədən, İrandan, Avropanın müxtəlif ölkələrindən qonaq qəbul edirik. Bakıya müxtəlif yarışlara gələn yerli idmançılarımız da qonaqlarımız sırasındadır.
Fəxriyyə Abdullayeva