Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) İskele Bələdiyyəsinin təşkilatçılığı ilə “Bizim sevgimiz – sizin sevginizdir” adlı mədəniyyət festivalı keçirilib. Festivalda ölkəmizi Azərbaycan-ŞKTC Dostluq Cəmiyyəti təmsil edib.
Cəmiyyətin rəhbəri Orxan Həsənoğlu bildirib ki, tədbir çərçivəsində ümumilikdə 21 ölkənin mədəniyyətinə və adət-ənənələrinə həsr olunmuş stendlər təşkil olunub.
ŞKTC Prezidenti Ersin Tatar və turizm naziri Fikri Ataoğlu festival iştirakçılarına müraciət ediblər.
Ersin Tatar çıxışında Kipr türklərinin zəngin tarixinə diqqət çəkib, mədəniyyətlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib. “ŞKTC Şərqi Aralıq dənizində mədəniyyət və insan hüquqlarına dəyər verilən və hörmət edilən müstəqil türk dövlətidir. Kipr türkləri dünyanın bütün ölkələri ilə dialoqa hazırdır”, – deyə o vurğulayıb.
Dövlət başçısı Azərbaycan stendi ilə tanış olub.
Azərbaycan-ŞKTC Dostluq Cəmiyyəti rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.