Dünya turu

İndoneziya Cənub-Şərqi Asiyanın ən böyük (ərazisi 1 milyon 919 min kv.km.) və turizm üçün ən cazibədar və perspektivli, sonsuz imkanlar ölkəsidir. Planetin ən böyük arxipelaqı olan - Malay arxipelaqının 17 minə yaxın irili-xırdalı adalarını əhatə edən ölkə öz zənginliyi və rəngarəngliyi ilə hər kəsi heyrətə gətirir.

İndoneziyada turizm ölkə iqtisadiyyatının vacib komponentini təşkil etməklə yanaşı, milli gəlir üçün də əhəmiyyətli mənbədir. Bu füsunkar ölkə təbii gözəllikdən, tarixi irsdən mədəni müxtəlifliyə qədər turistlərə çox şeylər təklif edir. İndoneziyanın turizm məkanı kimi daha çox ziyarət edilən 10 məkanı - Bali, Qərbi Yava, Mərkəzi Yava, Cakarta, Şimali Sumatra, Lampunq, Cənubi Sulavesi, Cənubi Sumatra, Banten və Qərbi Sumatra seçilir. Ölkəyə turistlərin ən böyük axını avqust ayında, habelə Milad və Yeni il bayramları ərəfəsində olur. Ümumilikdə isə iqlim şəraiti turistləri ilboyu qarşılamağa imkan verir.
Ötən əsrin 80-ci illərindən başlayaraq İndoneziya hökuməti beynəlxalq turizmin təşviqi üçün proqramlar həyata keçirir. Turizm sektoru ölkədə ümumi daxili məhsulun 10, iş yerlərinin isə 8,5 faizini təşkil edir. Mehmanxana və nəqliyyat şəbəkələrinə dövlət investisiyalarının yatırılması nəticəsində turizm sektorunun vəziyyəti yaxşılaşıb, kurort zonaları, park-qoruqlar genişlənib. 90-cı illərin əvvəllərində viza və gömrük rejimlərinin yumşaldılması nəticəsində turizm ölkə iqtisadiyyatının daha çox inkişaf edən sahələrindən birinə çevrilib. Məsələn, 1991-ci ildə ölkəyə 2,5 milyon turist gəldiyi halda 1996-cı ildə bu rəqəm 5 milyona çatıb. 90-cı illərin sonunda turist sayının qismən azalmasının səbəbi təbii kataklizmlərlə bağlı idi. Sonra isə iqtisadi böhran, bölgədəki qeyri-sabitlik turizm axınına mənfi təsir göstərib.
Lakin 2002-ci ildən etibarən turizmdə yenidən canlanma yarandı və sonrakı illərdə sektor artan tempdə inkişaf edib. Turistlərin əksəriyyəti ölkəyə yaxın olan Yaponiya, Malayziya, Avstraliya, eləcə də ABŞ, Rusiya və Avropa ölkələrindən gəlir. Turizm sənayesini inkişaf etdirmək üçün ölkədə hava nəqliyyatı modernləşdirilir, yeni hava limanları istifadəyə verilir.

Mədəniyyət turizmi

İndoneziyada mədəni turizm xüsusilə onun Yoqyakarta vilayətində əhəmiyyətli yer tutur. Bu vilayət tətbiqi sənət və mədəniyyət mərkəzi kimi məşhurlaşıb. Mərkəzi Yavada buddizm, induizm və islam sivilizasiyalarının təsiri ilə bu ölkədə mədəniyyətlər əriyərək bir-birinə qaynayıb-qarışıb. İndoneziyanın böyük şəhərlərinin çoxunda dövlət muzeyləri var. Ölkənin mədəniyyətini və tarixini hərtərəfli nümayiş etdirən ən böyük muzey paytaxt Cakartada yerləşən İndoneziya Milli Muzeyidir. Xarici turistlər İndoneziyanın bütün vilayətlərinə gedə bilmədiklərindən muzeylər vasitəsilə ölkə ilə tanışlıq imkanı əldə edə bilirlər. IV əsrdən XV əsrə qədər induizm və buddizm İndoneziya mədəniyyətini formalaşdırıb. Nəticədə ölkənin klassik mədəniyyəti ilə yanaşı, hind-buddist dövrünə məxsus ehramlar və abidələr də tikilib. Möhtəşəm gözəlliyə malik bu abidələr turistləri heyran edir. Bu ehramlardan ikisi UNESCO-nun mədəni irs siyahısına daxil edilib.

İslam turizmi

Əhalisinə görə dünyanın ən böyük müsəlman (240 milyona yaxın əhalisinin təxminən 90 faizi) ölkəsi olan İndoneziya həm də islam abidələri ilə məşhurdur. Dünyanın ən böyük məscidlərindən biri (İstiqlal məscidi) paytaxt Cakartadadır. İndoneziya turizmində cəlbedici xüsusiyyətlərdən biri də islam və ya şəriət turizminin inkişaf etdirilməsidir. Ölkə hökuməti Turizm Nazirliyi və İqtisadiyyat Nazirliyi vasitəsilə şəriət qaydalarına (o cümlədən halal hesab edilən kulinariya) əsaslanan turizmi təqdim etməklə daxili və xarici turist səfərlərini artırmaq niyyətindədir. Eyni zamanda islam geyimləri sənayesinin inkişaf etdiyi İndoneziya müsəlman moda dünyasının qlobal mərkəzinə çevrilməkdədir.
İndoneziya zəngin və çoxçeşidli kulinariya ənənələrinə malikdir. Ölkədə yerli mədəniyyətə əsaslanan çoxlu regional mətbəxlər mövcuddur. İndoneziya mətbəxi ilə dəniz səyahəti ölkənin mədəni müxtəlifliyindən zövq almaq deməkdir. Bu arxipelaqın arasında saysız-hesabsız yemək reseptlərinə rast gəlmək olur.

Əsas turizm məkanları

Ənənəvi çimərliklərdən başqa burada qolf, dayvinq xidmətləri də var. İndoneziyada ekoturzim də inkişaf edib, ölkədə unikal flora və faunalı 50 milli park fəaliyyət göstərir. Ancaq bütünlükdə İndoneziya avropalı turistlər üçün ilk növbədə Cənub-Şərqi Asiyanın mədəniyyəti və ekzotik təbiəti ilə tanışlıq deməkdir. Son illərin statistikasına əsasən ölkədə ən çox turizm səfəri edilən 10 turizm məkanı var.
Məsələn, Sumatra adasında yerləşən nəhəng vulkanik Toba gölü təxminən 70 min əvvəl nəhəng vulkanik püskürmə ilə formalaşdığından turistlər üçün olduqca cəlbedicidir. Turistlər əsasən buraya dincəlmək, isti, vulkanik sularda üzmək üçün gəlirlər.
Tanjanq Putinq Milli Parkı İndoneziyanın Borneo adasında yerləşir. Park öz ekoturizmi ilə məşhurdur. Buraya gələn turistlər yerli turizm şirkətlərinin qayıq ilə vəhşi təbiətə səyahət təkliflərindən yararlana bilərlər. Burada leopardlar, nəhəng pitonlar, ayılar, timsahlar görmək olar.
Turizm axını ilə dünyada ilk yerlərdən birini tutan Bali adası isə turizm həvəskarları üçün ideal yerdir. Füsunkar mənzərələri, sahilləri, tropik çimərlikləri, sulu düyü terrasları və vulkanik dağ yamacları ilə - bütün rəngarəngliyi ilə ada dünyanın dörd yanından turist cəlb edir. Qonaqpərvər insanları, möhtəşəm çimərlikləri, dəbdəbəli mədəniyyəti Balini İndoneziyanın bir nömrəli rəqibsiz turizm məkanına çevirib.

Mehparə