Rusiyalı pianoçunun Rəhilə Həsənovanın xatirəsinə həsr olunan konserti

 

Beynəlxalq Muğam Mərkəzində tanınmış rusiyalı pianoçu Olqa Domninanın “Palitralar. Bəstəkarlar rəssam kimi” adlı konserti keçirildi. Oktyabrın 4-də təşkil edilən musiqi axşamı bu ilin avqustunda dünyasını dəyişən görkəmli Azərbaycan bəstəkarı Rəhilə Həsənovanın (1951-2024) xatirəsinə həsr olunmuşdu.

Konsertdə musiqişünas, professor Zümrüd Dadaşzadə giriş nitqi ilə çıxış etdi.

Gecənin proqramında Rəhilə Həsənova ilə yanaşı, Qara Qarayev, Fərəc Qarayev, Ayaz Qəmbərli və Elmir Mirzəyevin əsərləri də səsləndirildi.

Qeyd edək ki, konsertin əsas xəttini Qara Qarayevin çoxsaylı yetirmələrindən biri, istedadı müəllimi tərəfindən yüksək dəyərləndirilən Rəhilə Həsənovanın əsərləri təşkil edirdi. Z.Dadaşzadə bu barədə danışarkən diqqətə çatdırdı ki, Rəhilə Həsənovanın palitrası qeyri-adi zənginliyi ilə fərqlənir. Belə rəngarəngliyə nail olmaq üçün o, royalın bütün imkanlarından, səs diapazonundan məharətlə bəhrələnir. Bəstəkarın “Çeşmə” silsiləsindən hər bir prelüd nəhəng silsiləyə bir növ proloq olmaqla yanaşı, digər bəstəkar əsərlərinin yeni əlavə mənalarını üzə çıxarmaq, yeni baxış bucağından işıqlandırmaq kimi xüsusiyyət də aşkarlayır.

“Bəstəkarlar rəssam kimi” mövzusuna gəlincə isə, musiqişünas bildirdi ki, Rəhilə Həsənovanın bir sıra əsərlərində arxaik boyaların tüğyan etməsi dünyaşöhrətli rəssam Mark Şaqalın erkən boyakarlıq sənətini xatırlamağa sövq edir: “Əzəmətli Fərəc Qarayev musiqisinin zərif çalarlarında əsl tragizm və sarkazm sezilir ki, bu da istər-istəməz bəstəkarın sevimli rəssamı Rene Magritte ilə uyum yaradır. Elmir Mirzəyevin əsəri Oskar Kokoschka lövhələrindəki “ağır” tutqun boyalarla təsvir edilən ehtirasları musiqi dilinə çevirir. Ayaz Qəmbərli-Egon Schiele qarşılaşması qəfil olsa da, hər ikisini birləşdirən amillər sırasında məkan duyumu və səsin (rəngin) dərinliyinə varmaq kimi keyfiyyətlər dayanır. Beləliklə, Azərbaycan musiqisinin rəng palitrası barədə düşüncələr konsertin konsepsiyasının yaranmasına təsir etdi. Proqramın adı “Palitralar” da buradan qaynaqlanır. Rəhilə Həsənova müsahibələrində Şərq xalçaları və musiqi modulları arasında paralellər aparırdı ki, bu da proqramın əsas məramı ilə çox gözəl səsləşir”.

Olqa Domnina məşhur pianoçu, bir çox beynəlxalq müsabiqələrin qalibi, Qnesinlər adına Rusiya Musiqi Akademiyası və London Kral Musiqi Akademiyasının məzunudur. O, solo konsertlərlə yanaşı, kamera və simfonik orkestrlərlə dünya səhnələrində çıxış edir. Musiqiçinin konsert fəaliyyətində Azərbaycan bəstəkarlarının yaradıcılığı böyük yer tutur, onu milli musiqimizin təbliğatçısı da adlandırırlar.

Olqa Domnina on ildən artıqdır Siciliyada (İtaliya) yaşayır, Avropada konsertlər verir. “Palitralar” layihəsi böyük uğurla Palermoda (İtaliya) “Wall of Sound” festivalında, Böyük Britaniyada “Homerton Colleg”də, İsveçdə Milli Festivallar Günündə və Roma Filarmoniyasında (Accademia Filarmonica Romana) ifa olunub.

Onu da qeyd edək ki, Bakı konserti çoxdan planlaşdırılmışdı. Lakin konsertə hazırlıq ərəfəsində, 10 avqust 2024-cü ildə Rəhilə Həsənova əbədiyyətə qovuşdu. Buna görə də Bakıdakı çıxışın formatı və ovqatı da dəyişdi. Musiqi axşamı mərhum bəstəkarın xatirəsinə həsr olundu.

Lalə